Siyasət

Azərbaycanın statusu Açıq Hökumət Tərəfdaşlığında tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirilib

Mayın 4-də Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığındakı üzvlük məsələsinə baxılıb. Səsvermə nəticəsində Rəhbər Komitənin 22 üzvündən 16-ı lehinə, 3-ü əleyhinə, 3-ü isə bitərəf olmaqla Azərbaycanın statusu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirilib. Bu barədə Turan-a Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT Koalisiyasının Şura üzvü Qubad İbadoğlu  bildirib.

Onun sözlərinə görə, komitə bu addımın atılmasına əsas səbəb kimi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılmış məhdudiyyətləri göstərib.

Rəhbər Komitə hesab edir ki, QHT-lərin fəaliyyəti üçün məkanın qapadılması Açıq Hökumət Tərəfdaşlığının prinsip və dəyərlərini sarsıdır.

“Açıq Hökumət Tərəfdaşlığı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün Azərbaycan hökumətinin 1 il vaxtı var. Bu müddətdə hökumət vətəndaş cəmiyyəti ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində konkret addımlar atmalıdır. Yeni statusda Azərbaycan səsvermə hüququndan məhrum edilib, ancaq bununla belə Açıq Hökumət Tərəfdaşlığı çərçivəsində keçirilən tədbirlərdə müşahidəçi qismində iştirak edə biləcək. Statusun növbəti müzakirəsi tarixinə qədər hökumət Açıq Hökumət Tərəfdaşlığının müxtəlif komitələrindən və işçi qruplarından zəruri dəstək ala biləcək”, – o qeyd edib.

Azərbaycan Açıq Hökumət Tərəfdaşlığında 2011-ci ildən təmsil olunur.  Ölkə öhdəliyinə uyğun olaraq “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı qəbul edib. Növbəti fəaliyyət planı 2015-ci ilin iyulunadək  qəbul edilməli idi. Lakin Azərbaycan yalnız 2016-cı il aprelin 27-də “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq edib.

Daha çox göstər
Back to top button