Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun hələ də həbs olunmaması müzakirə olunur

Keçmiş MTN şefinin nazir olduğu dövrlə bağlı maliyyə yoxlamalarına başlanılıb Azadliq.info-nun verdiyi xəbərə görə, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun hələ də həbs olunmaması müzakirə mövzusu olaraq qalır. Bir neçə gün əvvəl Azadlığın yaydığı məlumatda bildirilirdi ki, Eldar Mahmudov MTN-də baş verənlərlə bağlı məsuliyyəti üzərindən atıb.
O, iddia edib ki, komandasının törətdiyi əməllərin çoxundan xəbərsiz olub. Bildirilir ki, maliyyə naziri Samir Şərifovun şəxsi nəzarəti altında Eldar Mahmudovun nazir olduğu dövrdə dövlət büdcəsindən MTN-ə ayrılan pulların necə xərclənməsi ilə bağlı yoxlamalar aparılır. Bildirilir ki, bu yoxlamaların nəticəsi olaraq Eldar Mahmudovla bağlı konkret qərar verilə bilər. Ehtimal olunur ki, yoxlamaların yeni başlamasına baxmayaraq artıq büdcədən ayrılan pulların mənimsənilməsi ilə bağlı yetərincə faktlar var. Lakin yoxlamalar hələ davam edir və güman ki, daha şok korrupsiya faktları üzə çıxacaq. Ehtimal olunur ki, bu faktlar Eldar Mahmudovun həbsinə apara bilər.