Beynəlxalq

“Azərbaycanda kişilərin sayı sürətlə artacaq”

“Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada Çindən sonra ikinci yerdədir”.

Cebhe.info-nun məlumatına görə, bunu BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin müşaviri Fərid Babayev deyib.

Qeyd edək ki, BMT-nin Əhali Fondunun dəstəyi ilə Medialink MMC “Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulması problemi” mövzusunda jurnalistlər üçün təlimlərə başlayıb. Tədbirdə çıxış edən Fərid Babayev bildirib ki, hazırda Azərbaycanda 116 oğlana 100 qız düşür:

“Yəni oğlanlar qızlardan 10-11 faiz çoxdur. Azərbaycanda 1975-1980-ci illərə qədər doğulan uşaqların cins nisbəti pozulmayıb. 1998-ci ildən isə cinsi nisbətin pozulma dinamikası artıb”.

Fərid Babayevin sözlərinə görə, Azərbaycanda cinsi tarazlığın pozulmasında selektiv abortların geniş yayılması, sosial, iqtisadi amillər, qadınların məşğulluq səviyyəsinin artması təsir göstərir. Eyni zamanda, qadınlar arasında kontraseprivlərdən istifadə hallarının artması ümumi doğum əmsalının aşağı düşməsinə gətirib çıxarır. Ona görə də kontraseptivlərdən istifadə məsələsi cins nisbətinin aradan qaldırılmasına dair dövlət proqramına inteqrasiya olunmalıdır.

Echo.az-a  əsasən isə, BMT təmsilçisi qeyd edib ki, cinsi nisbətin pozulmasının qarşısı alınmasa gələcəkdə kişilərin sayı sürətlə artacaq : “Sonra gender bərabərliyini bərpa etmək çətin olacaq”.

F.Babayev deyib ki, cinsi nisbətin pozulmasının qarşısını almaq üçün bütün aiddiyyəti qurumlar problemin həllinə cəlb olunmalıdır:

“Bu problemi dövlət strukturları, kütləvi informasiya vasitələri, cəmiyyət birgə həll etməlidir. Çünki qadağalarla məsələni həll etmək qeyri-mümkündür. Məsələyə yanaşmanın dəyişməsi üçün yeganə yol təbliğatdır. Eyni zamanda, əhali arasında iqtisadi cəhətdən fəal qüvvənin və uzunömürlülüyün, yəni ahılların sayının artmasına nail olmaq lazımdır”.

Təlimdə jurtnalistlərin diqqətinə çatdırılıb ki, Azərbaycanda selektiv abortların geniş yayılması, gender bərabərliyinin pozulması, yetkinlik yaşına çatmayan qızların məcburi ərə verilməsi kimi hallar doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına yol açır. Ona görə də media cəmiyyətin diqqətini bu problemə yönəltməli, belə stereotiplərin aradan qalxmasına yardımçı olmalıdır.

Daha çox göstər
Back to top button