“Fitch”: Azərbaycanın bank sektoru kapitallaşma problemi ilə üzləşib

“Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın bank sektoru ilə bağlı yeni məlumatlar açıqlayıb. ANS PRESS-in məlumatına görə, “Dollarisation in CIS/Georgian Banking Sectors” adlı hesabatda bildirilir ki, yüksək dollarlaşmadan əziyyət çəkən Azərbaycanın bank sektoru milli valyutanın devalvasiyasından ciddi zərər görüb. Bu haqda anspress .com yazır.
“Bu hal yalnız Azərbaycanda deyil, eyni zamanda Müstəqil Dövlətlər Birliyi (MDB) və Gürcüstanda hiss edilir. Lakin daha çox zərər görən dövlətlər Azərbaycan və Ukraynadır. Çünki bu ölkələrin bankları lazımi normativ dəstəyi ala bilmədi. Bunun əksinə Qazaxıstan, Rusiya, Gürcüstan və Belarusun bank sektoru dövlətdən daha çox dəstək gördü”.
Hesabatda qeyd edilir ki, Azərbaycanda xarici valyuta ilə pərakəndə kreditvermə əhəmiyyətli dərəcədədir.
Bu geriləmələr əsasən regionda iqtisadi eniş və neftin qiymətinin düşməsi ilə əlaqələndirilir. Hesabat müəlliflərinin fikrincə, Azərbaycanın bank sektoru kapitallaşma problemi ilə üzləşib.
Bundan əvvəl “Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanda problemli kreditlərin həcminin artacağı ilə bağlı proqnoz vermişdi.
“Fitch”in ekspertləri hesab edirlər ki, bank sektoru üzrə problemli kreditlərin (90 günü keçən) məcmu kreditlərdə xüsusi çəkisi 2015-ci ilin yekununda 9,5%-ə qədər yüksəlib. 2014-cü ilin sonunda bu göstərici 8,3% olub. Bu ilin fevral ayının yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlər 1 milyard 329,5 milyon manat təşkil edib. Bu, yanvar ayının yekunları ilə müqayisədə 14,9 milyon manat və yaxud 1,1% çoxdur. Ay ərzində problemli kreditlərin ümumi kredit portfelində payı isə 6,2%-dən 6,5%-ə yüksəlib. Agentliyin açıqlamasına münasibət bildirən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, “Fitch”in məlumatları yalnız proqnozlardır. Bu gün yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası məsələ ilə bağlı dəqiqləşdirmələr aparır”, – deyə baş bankir bildirib.
O, hazırda müəyyən borclanma problemi olduğunu etiraf edib. “Bu hal həm biznesdə, həm də əhali arasında hiss edilir. Bununla bağlı olaraq maliyyə portfelinin pisləşməsi hər ay baş verir. Bunu açıq demək lazımdır. Müvafiq olaraq aparılan stres testler bizə ən pis ssenarini də göstərir. Belə olan şəraitdə banklar və maliyyə sistemində sabitliyi qoruyub saxlaya bilərik”.