Ali Məhkəmədə Xədicə İsmayılovanın şikayətinə baxılacaq

Mayın 25-də saat 14:30-da Ali Məhkəmədə Xədicə İsmayılovanın kassasiya şikayətinə baxılacaq. İşə Əli Seyfəliyevin sədrliyilə hakim heyəti baxacaq. Bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib. Müdafiə tərəfi X.İsmayılovaya bəraət verilməsinə çalışacaq.
Kassasiya şikayəti hələ bu ilin yanvarında verilib və məlum olmayan səbəblərdən işə baxılması yubadılıb. Bu haqda Contact.az məlumatlandırır.
“Azadlıq” radiosunun Azərbaycan xidmətinin jurnalisti Xədicə İsmayılova 2014-cü ilin dekabrında həbs olunub və sonradan iqtisadi cinayətlərdə ittiham edilərək 7,5 il müddətinə azadlıqdan məhrum olunub. Jurnalist özü, yerli və beynəlxalq hüquq müdafiəçiləri əmindir ki, o, Azərbaycan hakim elitasının korrupsiyaya bağlılığını araşdırdığına görə təqib olunur.