Siyasət

İşgəncə iddialarına cavab vermək istəyən yoxdu

Polis bölməsində işgəncəyə məruz qaldığını bildirən NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun şikayəti Ombudsman Aparatı tərəfindən nəzarətə götürülüb, araşdırılır.

Bu haqda AzadlıqRadiosuna aparatdan məlumat verilib. Qurumdan deyilir ki, araşdırma başa çatmadığı üçün nəticələr haqqında mayın 18-də məlumat verə biləcəklər.

Bayram Məmmədovun mayın 16-da saxlanma təcridxanasından göndərdiyi izahatda onun Bakının Nərimanov rayon polis idarəsinin 12 saylı bölməsində, müvəqqəti saxlama yerində işgəncələrə məruz qalması təsvir olunur.

O, polis əməkdaşları tərəfindən dəfələrlə döyüldüyünü, hətta zorlanma təhdidi altında narkotik ittihamına imza atdığını bildirir.

Vəkil Elçin Sadıqov mayın 17-də ombudsmana müraciət edərək onun Bayram Məmmədovla görüşməsini, işgəncə halının araşdırılmaısnı istəmişdi.

SADİQ GÖZƏLOV: “XƏBƏRSİZƏM”

Mayın 17-də hüquq-mühafizə orqanlarından bu iddianın araşdırılıb-araşdırılmadığını öyrənmək istədik.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov AzadlıqRadiosuna iki gündür Gəncədə olduğundan hər şeydən xəbərsiz qaldığını bildirdi.

Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bununla bağlı polisdən şikayət edilmiş quruma müraciət etməyi məsləhət gördü.

“Əməkdaşlarınız işgəncə verməkdə ittiham edilir, buna münasibət bildirəcəksizmi” dedikdən sonra Zahidov az sonra əlaqə saxlamağı məsləhət gördü. Amma bir daha onunla və ya xidmətin şöbə rəisi Orxan Mansurzadə ilə danışa bilmədik.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdan da deyilənlərin araşdırılması haqda məlumat almaq cəhdimiz uğursuzluqla nəticələndi.

______________________________________________

Daha çox göstər
Back to top button