Bakıda polisi bir-birinə qatan sərxoş “avtoş” diplomat oğlu imiş…

İki gün əvvəl Bakı küçələrində bir neçə dəfə qəza şəraiti yaradan və polisin “saxla” əmrinə tabe olmayan sürücü saxlanılıb. Bu barədə yenizaman.az yazıb.
Xatırladaq ki, KIA Sportage (90-SB-808) markalı maşının sürücüsü təxminən 1 saata yaxın müddətdə Bakının 10 küçəsində xuliqanlıq edib. Abdullayev Nicat Nurpaşa oğlu adlı sürücü hətta küçələrdə riskli manevrlər etməkdən də çəkinməyib.
Paytaxt polisini bir-birinə vuran sürücü yalnız yaradılan süni tıxac vasitəsilə saxlanılıb. Yoxlama zamanı onun hərəkətlərinin əsl mahiyyəti ortaya çıxıb. Məlum olub ki, avtoxuliqanlıq edən gənc sərxoş olub. 16-cı polis bölməsinə gətirilən gəncin danışmağa belə halı olmayıb. Demək olar ki, tam anlaqsız vəziyyətdə olan Nicat, nə danışacağını da unudub.
Avtoxuliqanlıq etməsi, sərxoş olması bir yana, heç idarə etdiyi maşın da özünün olmayıb. Onun küçələri bir-birinə qatdığı maşın kirayələnib. Araşdırma zamanı məlum olub ki, 23 yaşlı gənc sərxoş vəziyyətdə maşın idarə etdiyi üçün 3 dəfə sürücülük hüququndan məhrum edilib. Məlumatda o da vurğulanırdı ki, indi Nicat Abdullayevin bu əməlinə görə, məhkəmə qarşına çıxacağı, 20 sutkaya yaxın həbs cəzası alacağı gözlənilir. Virtualaz.org-un əldə etdiyi məlumata görə, həmin avtoxuliqan Azərbaycan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərindən birinin – Nurpaşa Abdullayevin oğludur. N.Abdullayev Azərbaycanın İran, Misir və digər ölkələrdəki səfirliklərində yüksək vəzifələrdə çalışıb, hazırda isə XİN-də departamentlərdən birinə rəhbərlik edir.
Bundan başqa, o da məlum olub ki, N.Abdullayev həm də bizneslə məşğuldur və Bakıdakı bazarlardan birinin sahiblərindəndir.
Daha bir maraqlı məqam: onun oğlu Nicat polis tərəfindən əvvəllər də bir neçə dəfə saxlanılıbmış. Özü də təkcə avtoxuliqanlığa görə yox, həm də digər qanun pozuntulıarına görə.