Minval.az: “Sovetski”də qadının evini kompensasiya ödəmədən dağıtdılar
“Sovetski”də bir vətəndaşın evini əşyaları içərisində olduğu halda, heç bir kompensasiya vermədən uçurublar. Mirzağa Əliyev küçəsi, dalan 4, ev 3 ünvanında yaşayan Kəmalə Şəfiyevanın mənzilini, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri əmlak sahibi ilə razılaşmadan söküblər.
Minval.az bildirir ki, şikayətçinin evi tamamilə uçurulub. Dağıntılar altında yorğan-döşək, məişət əşyaları, mebellər, hətta sənədlər də qalıb. Biz ünvana çatdığımız zaman çarəsiz qadın dağıntılar altından sənədlərini və bəzi qiymətli əşyalarını tapmağa çalışırdı.
“Sovetski” sakini K.Şəfiyeva icra nümayəndələrinin onun hüquqlarını pozaraq, mənzilini sökdüyünü, əşyaları ilə birlikdə külli miqdarda ziyan vurduğunu dedi: “Evim üçün heç bir kompensasiya verilmədiyi halda, zor tətbiq edərək, evimi sökdülər. 20-yə yaxın adam evin həyətinə toplaşmışdı. Söküntü zamanı icra hakimiyyətinin və Maliyyə Nazirliyinin nümayəndələri də burada idi. Onlara qanunsuz olaraq söküntü işi apardıqlarını desəm də, heç bir nəticə vermədi. Heç olmasa sənədlərimi, dissertasiya işlərimi götürmək üçün icazə istədim. Polis əməkdaşları qolumdan tutub, maşına əyləşdirdilər. Mənzildə olan bütün əşyalarım yararsız vəziyyətə düşdü. Hamısı söküntünün altında qalıb”.
Zərərçəkən ona dəyən maddi ziyanın 20 min manat məbləğində olduğunu bildirdi: “Bütün əşyalarım söküntü altında qaldı. Mebellərim, soyuducum, kondisionerim… Ümumiyyətlə, salamat bir şey qalmadı. Baş nazirin müavini Abid Şərifov deyirdi ki, “Sovetski”də heç kimin evi zorla sökülmür. Bəs, mənim evimi niyə sökdülər?”