«The Washington Post» Trampın Azərbaycandakı biznesindən yazdı

«The Washington Post» qəzeti Bakıda tikintisi yarımçıq qalmış «Trump Tower» barədə məqalə dərc edib. Müəllif Kevin Sullivan yazır ki, «Trump International Hotel&Tower» kompleksinin tikintisi ötən il dayanıb, səbəb də neftin ucuzlaşmasıdır. Hazırda kompleksin yerli sahibi böyük itkilərlə üzləşib, ancaq kontraktları yenidən razılaşdırmağa, binanın açılmasına nail olmağa çalışır. Bu haqda Azadliq.org yazır.
Yazıda vurğulanır: «Neft ölkəsi olan Azərbaycanda Trump 35 yaşlı milyarder Anar Məmmədovla tərəfdaşlıq edib. Onun ailəsi hakim rejimin bir hissəsidir, ABŞ Dövlət Departamenti və digərləri bu rejimin köklü korrupsiya və insan haqları pozuntuları içində üzdüyünü bildirir».
«Məmmədov sərvətinin böyük hissəsini atasının rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin tikinti kontraktlarından qazanıb. Bunu araşdırmaçı jurnalistlər üzə çıxarıb… Əliyev rejiminin tənqidçiləri deyirlər ki, Məmmədovun Trump layihəsindəki roluna hökumət dəstək verib və gələcəkdə bu layihənin uğuru hökumət rəsmiləri ilə yaxşı münasibətlərin qurulmasından asılıdır».
Anar Məmmədovun sərvətinin mənbələrinə dair suallara gəlincə, baş müşaviri Alan Garten deyib ki, bütün bu məlumatlar razılaşma imzalanandan sonra ortaya çıxıb.
Müəllif cənab Məmmədovdan bir neçə həftə ərzində şərh ala bilməyib. Şirkətinə, dostları və biznes həmkarlarına elektron məktub və Facebook vasitəsilə göndərilən sorğular cavabsız qalıb.
Ancaq tənqidçiləri deyirlər ki, seçiləcəyi halda, Trump bu ölkədəki biznes maraqları ilə öz ölkəsinin maraqları arasında sərhəd qoymaqda çətinliklərlə üzləşəcək.
«BU, BİR MAFİYADIR»
Yazıda Azərbaycanın onillər boyunca Əliyevlər ailəsi tərəfindən idarə olunmasından, ölkədə insan haqlarının, söz azadlığının acınacaqlı durumundan söz açılır. Prezidentin illik məvacibinin 200 min dollar olmasına baxmayaraq, özünün və ailə üzvlərinin dünyanın müxtəlif yerlərində mal-mülkə yiyələndiyi vurğulanır.
«Bu, bir mafiyadır», – müxalif «Azadlıq» qəzetinin baş redaktoru, hazırda Parisdə mühacir həyatı yaşayan Qənimət Zahid belə deyir. O, Trump-ın Məmmədovla tərəfdaşlığının narahatlıq doğurduğunu bildirir, bunu Trump tərəfindən atılmış hiyləgər biznes addımı sayır.
Londonda yaşayan insan haqları müdafiəçisi Rebecca Vincent Trump-ın Azərbaycanda biznes maraqlarının ABŞ prezidentinin maraqları ilə açıq-aydın toqquşduğunu söyləyir: «Bu rejimin korrupsiyası və ona bağlı oliqarxların işləri çox yaxşı sənədləşdirilib. Demokratiya və insan haqlarına dəyər verən Birləşmiş Ştatlarda ən yüksək postu tutan biri üçün bu məsələ problemlidir. O, həmin dəyərlərə sayqı göstərməyən bir rejimlə biznes qurmuş olur».
Ancaq Azərbaycan rəsmiləri korrupsiya iddialarını təkzib edir.
Məqalədə daha sonra Məmmədovların Azərbaycanda ən varlı ailələrdən biri olmasından, Anar Məmmədovun təsisçisi olduğu Azərbaycan Amerika Alyansının fəaliyyətindən söz açılır. Anonim danışan bir nəfər Məmmədovun ölkəsində xeyriyyə işlərini gördüyünü vurğulayır, onun çox parlaq birisi olduğunu deyir. Alyans isə dörd il ərzində Vaşinqtonda qala yeməklərlə birlikdə lobbiçilik işlərinə 12 milyon dollardan çox pul xərcləyib.
ƏTRAFI OT-ƏLƏF BASIB
Müəllif yazır ki, Trump-la Məmmədovun «Garant Holding» şirkəti razılaşmanı 2012-ci il mayın 25-də imzalayıb, ancaq 2 il ərzində ictimaiyyətə elan edilməyib. «Bu arada insan haqları fəalları, jurnalistlər Məmmədova qarşı iddiaları sənədləşdirməkdə idi», – yazan müəllif AzadlıqRadiosunun araşdırmalarını yada salır. Bu araşdırmalar Məmmədovun atasının nazirliyi ilə kontraktlardan 1 milyarddan artıq qazanc əldə etdiyini üzə çıxarıb. AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılovanın saxta ittihamlarla həbsə atıldığı, ötən həftə buraxıldığı vurğulanır.
Bakıdakı otel 2015-ci ildə açılmalıydı, Trump-ın veb-saytında bu barədə məlumat yeləşdirilmişdi. Ancaq dekabrda otel barədə informasiya saytdan qeybə çəkilib. Trump-ın işə götürdüyü baş menecer isə Praqada işləməyə başlayıb. Tikinti işləri də dayanıb, otel möhkəmcə bağlanıb.