Ekonomika

Azərbaycan struktur islahatları davam etdirməli və maliyyə sistemində nəzarəti gücləndirməlidir

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ilə qədər Brent markalı neftin orta illik qiymətinin $51-dək artımını proqnozlaşdırır.
“2016-cı ildə neftin bir barrel üçün orta illik qiyməti $36, 2017-ci ildə – $42, 2021-ci ildə – $51 təşkil edəcək”, – deyə BVF-nin Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrində neft bazarlarında və neft dövlətlərinin iqtisadiyyatının vəziyyətinə dair icmalında qeyd edilir.

Fondun mütəxəssislərinin qiymətləndirilmələrinə görə, neftin qiymətinin ucuzlaşması Fars körfəzinin neft hasil edən ölkələrinin büdcələrinə təzyiq göstərə bilər. Həmin dövlətlərin iqtisadiyyatlarının stabilləşməsi və şaxələndirilməsi məqsədilə bu ölkələrin siyasətçiləri struktur islahatlar aparmalı olacaqlar.

“Qafqaz və Mərkəzi Asiya (Azərbaycan, Qazaxıstan və b.) neft ölkələrinə gəlincə, onlarda da struktur islahatlara, həmçinin maliyyə sektorunun sabitliyinin dəstəklənməsi məqsədilə maliyyə sisteminə nəzarəti gücləndirməyə ehtiyac var. Lakin, istənilən halda, artan siyasi qeyri-müəyyənlik region ölkələrinə təsir edəcək”, – deyə Fond qeyd edir.
BVF-nin qiymətləndirmələrinə əsasən, 2016-cı ildə Azərbaycanda resessiya 3% təşkil edə bilər.

Fond qeyd edir ki, region ölkələrində, xüsusilə Azərbaycan və Qazaxıstanda valyutaların devalvasiyası inflyasiya təzyiqini gücləndirdi. Proqnozlara görə, bu ölkələrdə cari ildə inflyasiya 15 ildən artıq dövr ərzində ilk dəfə iki rəqəmli səviyyəyə çatacaq.
Fondun analitikləri vurğulayırlar ki, dünyada neftin qiymətinin ucuzlaşması region ölkələrinin bank sektoru üçün də çətinliklər yaratdı. Həmin problemlər kreditləşmənin ləngiməsi, problemli kreditlərin artımı, likvidliyin azalması ilə əlaqədardır.
“Qafqaz və Mərkəzi Asiya ölkələri həmçinin bank sektorundakı, xüsusilə yüksək dollarlaşma ilə bağlı problemləri həll etməlidirlər”, – deyə Fond qeyd edir.

Daha çox göstər
Back to top button