Beynəlxalq

Azərbaycanda ölkənin diktator hökuməti barədə kitab nəşr edən nəşriyyatda axtarış aparılır

“Qanun” nəşriyyatına polis reydinin səbəbi bu müəssisənin müxalifətçi yazıçı, AXCP sədrinin müavini, hazırda həbsdə olan Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmurun “Ölkənin adı: 22” adlı romanını çap etməsi ola bilər.
Bir neçə gün öncə Vətəndaş Həmrəyliyi Partiyasının (partiya lideri Sabir Rüstəmxanlı “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun qardaşıdır) mənzil-qərargahında tanınmış ədiblərin və müxalifətçi ictimai-siyasi xadimlərin iştirakı ilə əsərin təqdimatı olub.
DQMŞ sədri Cəmil Həsənli romanı ölkənin ədəbi həyatında mühüm hadisə adlandırıb, çünki çağdaş Azərbaycanda indiki dövrün reallıqlarını obyektiv əks etdirən bədii əsər nümunələri azdır.

Antiutopiya janrında yazılan kitabda Azərbaycanın təsvir olunduğu bir ada haqqında danışılır ki, buranın insanları sərt diktaturadan əziyyət çəkirlər.
“Əsər unikal və maraqlıdır. Ən maraqlı odur ki, roman dramatik süjetə əsaslanıb. Söhbət adada yerləşən cəmiyyətdən gedir. Burada diktatura, diktator, ada sakinlərinin iztirablarının mənbəyi olan müqəddəs abidə var”, – C.Həsənli bildirib.
AXCP lideri Əli Kərimli Yağmurun yazıçı kimi istedadını qeyd edib. “Onun əsərlərində bizə məlum olan insanlar ümumiləşmiş obrazlarda əbədiləşib. Bizim dövrümüzdə baş verənləri əsərlərdə əks etdirmək lazımdır ki, Zümrüd xanım bu boşluğu doldurur. Onun kitablarda təsvir etdiyi mübarizə bugünkü siyasi mübarizənin mərkəzindədir”,- Ə.Kərimli qeyd edib.
DQMŞ Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli Yağmurun kitabını Corc Oruellin “1984” romanı ilə müqayisə edib.
DQMŞ beynəlxalq məsələlər komissiyasının rəhbəri Gültəkin Hacıbəyli də eyni fikirdədir. Onun fikrincə, kitab reallıqdan uzaq deyil və onu “antiutopiya” adlandırmaq düzgün deyil.
“Bu kitabı ədəbiyyatda yeni cərəyan – antiutopik realizm” adlandırmaq olar”, – o vurğulayıb.
Müəllif özü əsərin adına aydınlıq gətirib. 22 rəqəmi 1+9+9+3 rəqəmlərinin cəmidir ki, bu da bir yerdə 1993-cü ili – Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi ili göstərir. “Bu, bugünkü həyatımızda bütün bədbəxtliklərin təməlinin qoyulduğu ildir. Cəmiyyət üçün ən pis olan diktaturanın qurulmasıdır. Çox təəssüf ki, 23 ildir ki, Azərbaycan diktaturanın ən dəhşətli formalarından birini yaşayır”, – Yağmur bildirib.

Daha çox göstər
Back to top button