BeynəlxalqEkonomika

Azərbaycanda sənaye istehsalı azalıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-may aylarında toplam 12,1 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3% az sənaye məhsulu istehsal edilib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, azalmaya səbəb xam neft hasilatının 0,7%, qaz hasilatının 9,9%, elektrik enerjisi istehsalının 6,8%, habelə bir sıra emal sənayesi məhsullarının istehsalı sahəsindəki geriləmə olub.
Sənaye məhsulunun 64,5%-i mədənçıxarma sektorunda, 28,6%-i emal sektorunda, 6,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda məhsul istehsalı 0,3% azalıb.
Emal sektorunda qida məhsullarının istehsalı 3,0%, içkilər – 6,2%, tütün məmulatları – 33,9%, toxuculuq sənayesi məhsulları – 2,9 dəfə, geyim – 0,3%, ağacın emalı və ağacdan məmulatların istehsalı 17,0%, hazır metal məmulatları – 18,6%, kompyuter və elektron məhsulları – 3,1 dəfə, elektrik avadanlıqları – 54,8%, avtomobil, qoşqu və yarımqoşqular – 41,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2 dəfə artıb.
Bununla yanaşı, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 73,6%, kağız və karton – 6,0%, poliqrafiya məhsulları – 7,5%, kimya sənayesi məhsulları – 18,8%, rezin və plastik kütlə məmulatları – 22,6%, tikinti materialları – 26,2%, metallurgiya məhsulları – 9,4%, maşın və avadanlıqlar – 29,3%, mebel istehsalı isə 8,3% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8% azalmışdır. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,5% artıb, neft sektorunda isə 0,8% azalıb.

Daha çox göstər
Back to top button