Beynəlxalq

AŞPA həmməruzəçiləri hüquq müdafiəçilərilə siyasi məhbuslar problemini müzakirə ediblər

Azərbaycanda səfərdə olan AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennak və Sezar Preda çərşənbə günü bir qrup vətəndaş cəmiyyəti fəalı ilə görüşüb.

Görüşdə iştirak edən hüquq müdafiəçisi Samir Kazımlının Turan-a verdiyi məlumata görə, görüş zamanı ölkədə demokratiyanın və insan haqlarının durumu müzakirə edilib. Əsasən siyasi məhbusların məsələsi, QHT-lərlə bağlı qanunvericilik, bank hesablarına həbs qoyulan QHT-lərin işi, ictimai-siyasi fəallara və jurnalistlərə qarşı təzyiqlə barədə müzakirələr aparılıb.

Bu haqda contact.az məlumatlandırıb.

Həmçinin son zamanlar həbs edilən gənclərin, “Qanun” nəşriyyatına polis reydi də müzakirə mövzusu olub.

S.Kazımlı qeyd edilib ki, görüşdə bəzi QHT nümayəndələrinin və jurnalistlərin ölkədən çıxışına qoyulan qadağalar məsələsi də qaldırılıb və ölkədən çıxışına qadağa qoyulan şəxslərin siyahısı onlara təqdim edilib.

Həmməruzəçiləri bu məsələ barədə məlumatlı olduqlarını və rəsmilərlə görüşdə bu məsələni qaldıracaqlarını deyiblər.

Görüşdə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və başqaları iştirak ediblər.

İyunun 15-də həmməruzəçilər bir qrup keçmiş siyasi məhbus – İntiqam Əliyev, Hilal Məmmədov, Rəsul Cəfərov, Yadigar Sadıqov, Sirac Kərimli və Rəşad Məmmədovla ayrıca görüşüblər.

Bundan əlavə, AŞPA nümayəndələri müxalifət liderləri – Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının rəhbəri Arif Hacılı ilə görüşüblər.

Qeyd edək ki, 2015-ci ilin dekabrında vətəndaş cəmiyyəti işçi qrupu 93 siyasi məhbusun daxil olduğu vahid siyahı hazırlayıb. Həmin siyahıdan 24 nəfər azad edilib. Lakin bundan sonra yeni həbslər olub və yaxın vaxtlarda siyahı yenilənəcək.

Azərbaycan hüquq-müdafiə təşkilatlarının Monitorinq Qrupunun məlumatna görə, həbsdə 8 siyasi məhbus var.

Daha çox göstər
Back to top button