Yanlış ayağı kəsilmiş xəstənin sol ayağı da amputasiya edilib

Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinskinin APA-ya verdiyi məlumata görə, cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı kəsilmiş xəstənin sol ayağı da amputasiya edilib.
Bu haqda bbc.com/azeri məlumatlandırıb.
Cümə günü diabetdən əziyyət çəkən 87 yaşlı Tərlan Məmmədovanın “iltihablı sol” ayağı yerinə sağ ayağı amputasiya edilmişdi.
Əməliyyatın bazar günü Azər Şəmsəddinski tərəfindən edildiyi bildirilir.
Cənab Şəmsəddinskinin anspress.com saytına bildirdiyinə görə, əməliyyat uğurlu keçib.
Prokurorluq xəstənin yanlış ayağının kəsilməsi ilə bağlı araşdırmaya başlayıb.
“Araşdırma zamanı toplanmış materialda T.Məmmədovanın sağlamlığına ehtiyyatsızlıqdan ağır zərər vurma cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilmişdir”, prokurorluğun açıqlamasında deyilir.
Rəsmi məlumata əsasən hadisə ilə əlaqədar Səhiyyə Nazirliyi yoxlamalar aparır.
İş üzrə istintaq tədbirləri davam etdirilir.