Məhkəmə Xadicə İmsayıla xaricə getməyə icazə vermədi

Jurnalist ürək şuntlanması əməliyyatı keçirmiş anasını Ankarada tibbi müayinəyə aparmaq istədiyini bildirib. Bu haqda azadliq.org xəbər saytı məlumat verir.
Binəqədi Rayon Məhkəməsi araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın xaricə getməsinə icazə verməyib.
Jurnalist beynəlxalq tədbirdə iştirak və anasını tibbi müayinədə müşayiət etməkdən ötrü xaricə getməsinə icazə istəyirdi.
İşə iyunun 28-də Binəqədi Rayon Məhkəməsində Hakim Rəşad Əliyev baxıb.
X. İsmayıl məhkəmədə deyib ki, iyulun 1-dən 7-nə kimi Tbilisidə keçiriləcək beynəlxalq tədbirdə iştirakla bağlı ATƏT Parlament Assambleyasının hüququ məsələlər komitəsinin rəhbəri İzabella Santos və bu qurumun media məsələləri üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçdən dəvət alıb.
Bundan əlavə, jurnalist ürək şuntlanması əməliyyatı keçirmiş anasını Ankarada tibbi müayinəyə aparmaq istədiyini bildirib.
X.İsmayıl şərti cəza rejiminə əməl etdiyini, məhkəmə icra orqanlarında vaxtlı-vaxtında qeydiyyatdan keçdiyini də qeyd edib.
Ancaq məhkəmə icra orqanının nümayəndələri Cavid Məmmədyarov və prokuror Svetlana İslamova jurnalistin müraciətinin təmin edilməsinin əleyhinə olublar.
C.Məmmədyarov qeyd edib ki, X.İsmayıl barəsində hökmün icrasına yeni başlanılıb. Prokuror isə deyib ki, tibbi müayinəni Azərbaycanda da etmək olar.
Məhkəmə jurnalistin müraciətini təmin etməyib.