Baş redaktora qarşı ittiham irəli sürülüb

İyulun 2-də Nərimanov Rayon Məhkəməsi Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun barəsində həbs qətimkan tədbiri seçib. Bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.
Onun sözlərinə görə, baş redaktor iyunun 30-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə pul tələb etmə) ilə ittiham irəli sürülüb.
Bu haqda Contact.az məlumatlandırıb.
Vəkilin sözlərinə görə, jurnalistin yaxınları və qohumları ilə əlaqə saxlamasına imkan verilmir. “Bu məlumatları mən öz təşəbbüsümlə öyrənmişəm”, – o qeyd edib.
Vəkil Fərəməzoğlu ilə hələ görüşə bilmədiyini və məhkəmənin qərarını bu gün alacağını bildirib.
Vəkil Fərəməzoğlunun kimdən və ya hansı təşkilatdan hədə-qorxu ilə pul tələb etməsi barədə məlumatsızdır. O, işlə tanış olduqdan sonra mediaya əlavə məlumat verəcəyini bildirib.
Fikrət Fərəməzoğlunun həyat yoldaşı mediaya bildirib ki, iyunun 30- da günorta saatlarında 4- 5 nəfər mülki geyimli şəxs kimliyini bildirmədən, order təqdim etmədən jurnalistin evində axtarış aparıb. Baş redaktora məxsus noutbuk, sənədlər, yazılar, disklər, hətta uşaqlarının toy diskləri götürülüb.
F.Fərəməzoğlu 10 il öncə cinayət məsuliyyətinə cəlb olunub. O zaman “24 saat” qəzetinin baş redaktoru olan Fərəməzoğlu şərəf və ləyaqət ittihamı ilə bir il azadlıqdan məhrum edilib.
Onun hazırda rəhbərlik etdiyi Jam.az saytı hər hansı konkret siyasi-ideoloji təmayülü ilə fərqlənmir. Saytda müxtəlif rütbəli məmurların və biznes nümayəndələrinin ünvanına kəskin tənqidi məqalələr yer alır.
Jurnalist həbs etdiriləcəyi ilə bağlı bu ilin mayında bəyanatla çıxış edib.
“Şəxsi həyatıma yaranmış təhlükə ilə əlaqədar təhlükəsizliyimi təmin edilməsi barədə göstəriş verməyinizi xahiş edirəm” , deyə baş redaktor bu il mayın 17-də hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edib.
Xatırladaq ki, Jam.az saytı 2015 və 2016-cı illərdə jurnalist etikasına əməl etmədiyinə Baş Prokurorluq və Mətbuat Şurası tərəfindən xəbərdarlıq edilib.