Siyasət

Cəmil Həsənli: Polad Bülbüloğlu konfransda iştirakımı əngəllədi

‘Azərbaycanın xaricdəki diplomatik idarələrinin ölkənin milli maraqlarına böyük ziyan vuran belə hərəkətləri birinci hadisə deyil”

Milli Şura sədri Cəmil Həsənli hakimiyyətin təxribatı ilə üzləşdiyini deyir. O, bununla bağlı öz Facebook səhifəsində məlumat paylaşıb:
“Bu ilin iyun ayının sonlarında Qazaxıstanın keçmiş paytaxtı Alma-Atada təşkil olunan “Asiya Rusiyasında 1916-cı il üsyanı: Məlum və naməlum məqamlar” adlı konfransa dəvət almışdım. Konfrans Müstəqil Dövlətlər Birliyi Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Qazaxıstanın “Turan” Universiteti, Rusiya Elmlər Akademiyasının Ümumtarix İnstitutu, Rusiya Dövlət Humanitar Universiteti, “Şimal –

Cənub” Siyasi Mərkəzi tərəfindən təşkil edilmişdi. Dəvətə cavab olaraq mən həmin tədbirdə “Əlimərdan bəy Topçubaşov və Türkistanın müsəlman əhalisi” adlı məruzə ilə çıxış edəcəyimi təklif etdim. Böyük məmnuniyyətlə qəbul etdilər və konfransın proqramına saldılar.

Çünki iki rus inqilabı (1905-1917-ci illər) arasındakı dövrdə Əlimərdan bəy Rusiya müsəlmanlarının lideri kimi Orta Asiya müsəlmanlarının hüquqlarının müdafiə edilməsi işində fədakarlıq göstərmişdi.

Cingiz xan nəslindən olan Əli xan Bukeyxanovla birlikdə qırğız-qazax türklərinə qarşı tətbiq edilən ayrıseçkilik siyasətinə qarşı səsini qaldırmışdı.

Xüsusilə, 1914-cü ilin iyun ayında Peterburqda keçirilmiş müsəlman müşavirəsində Topçubaşov Türkistan müsəlmanlarının ağır vəziyyəti, onların milli və dini hüquqlarının tapdanması əleyhinə maraqlı bir nitq söyləmişdi. 1917-ci ilin yayında Kerenskinin keçirdiyi Dövlət

Müşavirəsində Türkistan müsəlmanlarını da təmsil etmişdi. Hətta, bu xidmətlərinə görə o, 1917-ci ildə yalnız Qafqazdan deyil, Sır-Dərya vilayətindən də Rusiya Məclisi Müəssisanına namizəd göstərilmişdi.

Konfransda Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızısatan və Tacikistan alimləri iştirak edəcəkdilər. Azərbaycandan isə mənim çıxışım nəzərdə tutulmuşdu. Tədbirə 5-6 gün qalmış təşkilatçılar elektron bilet göndərmək üçün pasportumun surətini istədilər, göndərdim. Lakin bilet gəlib çıxmadı. Düzü, əhəmiyyət vermədim. Lakin tədbir başa çatandan sonra məlum oldu ki, mənim Alma-Ata konfransında iştirakımın qarşısını

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu alıb. O, tədbir haqqında məlumat alan kimi konfransın Rusiya tərəfindən olan təşkilatçıları qarşısında mənim dəvət olunmama qarşı qəti şəkildə etiraz edib və məruzənin proqramdan çıxarılmasına nail olub. Doğrusu, Azərbaycanın böyük fikir adamı kimi Topçubaşovun Türkistan müsəlmanlarının taleyində və tarixindəki böyük rolunu işıqlandıran bir məruzənin qarşısını almağın anlamı başa düşülən deyil”.

Cəmil Həsənli deyir ki, Azərbaycanın xaricdəki diplomatik idarələrinin və digər hakimiyyət orqanlarının ölkənin milli maraqlarına böyük ziyan vuran belə hərəkətləri birinci hadisə deyil:

“Məsələn, bu ilin mart ayında Çin universitetlərinin birindən mənə sürətli poçt ilə dəvət gəlir, mən Çində dərslərimi deyib qayıdandan sonra dəvət məktubunu Azərbaycan Mərkəzi Poçtu mənə çatdırır. Başqa bir fakt deyim. 2014-cü ilin oktyabrında Vyana Diplomatik

Akademiyasında “Kreml və Dəmir Pərdənin Çökməsi” konfransında “Bakıda Yanvar (1990-cı il) qırğını və SSRİ-nin dağılması prosesinin sürətlənməsi” adlı məruzə ilə çıxış etməli idim. Bu konfrans haqqında məlumat alan kimi Vyanada olan səfirliyimiz konfransın təşkilatçılarına belə bir məktub yazmışdı:

“Hörmətli xanımlar və cənablar,
Kreml və Dəmir Pərdənin Çöküşü konfransının proqramında Bakı Universitetindən cənab Cəmil Həsənlinin 7-ci paneldə məruzəçilərdən biri olduğu diqqətimizi cəlb etdi. Təəssüflə Sizə bildirməliyəm ki, Azərbaycanda Bakı Universiteti adında universitet yoxdur. Yalnız bir Bakı

Dövlət Universiteti mövcuddur, hansı ki, cənab Cəmil Həsənli orada işləmir. Əgər bu proqramda uyğun düzəlişi etsəniz, mən Sizə təşəkkür edərəm. Bundan əlavə, cənab Həsənli son vaxtlar siyasətlə məşğul olur və elmi fəaliyyət göstərmir. Ona görə mən onun bu elmi konfransa dəvət edilməsindən təəccübləndim.

Xoş arzularla,
Ruhlan Nabiyev
Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyini və Vyanada Beynəlxalq Təşkilatlar yanında daimi nümayəndəliyin ikinci katibi”

Hər ehtimala qarşı mən səfirliyin ikinci katibinin konfrans təşkilatçılarına 2014-cü ilin sentyabr ayının 26-da göndərdiyi məktubun almam dilində olan mətnini də bura əlavə edirəm ki, bu adamlar öz əməllərinə baxıb utansınlar:

Gördüyünüz kimi, iki eyni situasiya var. Vyana və Moskvada (bunlar hələ bildiklərimizdir) olan Azərbaycan səfirlikləri ölkənin tarixinin ən ümdə məsələləri ilə bağlı beynəlxalq konfransda mənim məruzələrimin qarşısını almaq üçün müxtəlif natəmiz yollara, təxribatlara əl atır,
bununla ölkənin milli maraqları əleyhinə hərəkət etmiş olurlar. Amma ən maraqlısı təşkilatçılar bu məsələyə münasibətidir. Əlbəttə, Vyana

Diplomatik Akademiyasında keçirilən konfransda səfirliyin cəhdləri bir nəticə vermədi və beynəlxalq tədbirdə nəzərdə tutulan məruzəni etdim. Hətta konfransın gedişində təşkilatçılar Azərbaycan səfirliyinin məktubunu mənim qarşıma qoyub bu sözləri əlavə etdilər:

Bunlar elə bilirlər ki, bura Rusiyadır və diplomatik təzyiq yolu ilə bizi öz fikrimizdən döndərə biləcəklər, onlar belə şeyləri Moskvada edə bilərlər.

Polad Bülbüloğlunun təzyiqləri qarşısında Rusiya elmi idarələrinin geri çəkilməsi və öz proqramlarında dəyişiklik etməsi Rusiya ilə Qərb arasında hələ nə qədər böyük fərq olduğunu, avstriyalıların necə uzaqgörən olduğunu bir daha təsdiq etdi”.

Həftəsonu olduğundan Meydan TV Azərbaycanın Rusiyadakı səfirliyindən məsələyə münasibət öyrənə bilmədi.

Daha çox göstər
Back to top button