İlahiyyatçı Elşən Mustafaoğlunun işi üzrə məhkəmə prosesi başlayıb

Vəkil Əfqan Məmmədovun Turan-a verdiyi məlumata görə, Mustafaoğlu özünü İranın xeyrinə casusluqda və “Azərbaycana qarşı düşmənçilik fəaliyyətində” təqsirli bilmir.
Onun sözlərinə görə, ittihamlar tamamilə mənasızdır və hüquqi əsası yoxdur. Vəkil qeyd edib ki, Mustafaoğluna qarşı cinayət işi 2014-cü ilin dekabrında, Milli Təhlükəsizlik Nazirliyinin əvvəlki rəhbərliyinin fəaliyyəti dövründə başlayıb.
Bu haqda Contact.az məlumatlandırıb.
Bugünki iclasda müdafiə tərəfi Mustafaoğlunun təqsirinin dəlili olmadığına görə onun cinayət təqibinə xitam verilməsi barədə vəsatət qaldırıb. Amma vəsatət təmin edilməyib.
Növbəti iclas iyulun 19-da keçiriləcək. Məhkəmə növbəti iclası qapalı rejimdə keçirməyi qərara alıb.
Vəkil Mustafaoğlunun cəmiyyətdə məşhur şəxs olduğuna diqqət çəkib. O, keçmişdə İTV-də və AİB-dən dini verilişlər aparıb, “Mənəvi təmizlik” QHT-nin rəhbəri olub.