Azərbaycan vətəndaşları İranda həbs ediliblər
Azərbaycanda “Həyat Sözü” Kilsəsinin üzvləri Yusif Fərhadov, Eldar Qurbanov və Bəhram Nəsibovun İranda həbs edildiyi bildirilir. Bu barədə məlumatı saxlanılanlardan biri, Yusif Fərhadovun qardaşı Ceyhun Fərhadov “Amerikanın səsi”nə müsahibəsində verib. O, qardaşı və iki dostunun İranın paytaxtı Tehran şəhərinə dostları tərəfindən dəvət edildiyini və nişan mərasiminə qatılan zaman həbs olunduqlarını bildirib.
Bu haqda Contact.az məlumatlandırıb.
“Qardaşım və iki dostu Tehranda qonaq olanda iyunun 24-də onları nişan mərasiminə dəvət ediblər. Əldə etdiyimiz məlumata görə, onlar nişan mərasimində olan zaman Milli Təhlükəsizlik Xidmətindən gələrək nişanda olanların hamısını həbs ediblər. Qardaşım və dostları həbs olunandan bir həftə sonra bizə zəng etmək imkanı əldə ediblər. Ayın 3-də hamısı evlərinə zəng edib, hansı həbsxanada olduqlarını və təkadamlıq kamerada saxlandıqlarını bildiriblər. Onlarla maraqlanan yoxdur və onları heç kəs sorğu-sual etməyib”, – o qeyd edib.
Ceyhun Fərhadov onların nəyə görə saxlandığını dəqiq bilməsə də ehtimal kimi qardaşının dostlarının məsihçi olmasını irəli sürür. Ancaq o deyir ki, onlar polis yox, təhlükəsizlik idarəsi tərəfindən və hər hansı xristian dini mərasimində yox, nişanda saxlanıblar. “Nişan qonaqlığı olub. Heç bir dua olunmayıb. Onlar sadəcə qonaq kimi orada əyləşiblər”, – o qeyd edib.
Təkkameralı hücrədə saxlanılan bu 3 nəfərin yemək və su ilə təmin olunduğunu bildirən Ceyhun Fərhadov onların vəkillə təmin olunmadıqlarını, hətta nədə ittiham olunduqları barədə məlumat verilmədiyini deyib.
“Onların yoldaşları Azərbaycan Xarici İşlər Nazirliyinə ərizə ilə müraciət ediblər. XİN bizim İrandakı səfirliyə məlumat verib. Oradakı səfirlik isə İran Xarici İşlər Nazirliyinə nota verib. Onların harada saxlanmasına dair məlumat əldə etməyə çalışırlar. Biz onların kəşfiyyat idarəsində saxlandlığını ehtimal edirik. Səfirliyin nümayəndələri onlarla görüşmək istəyir, ancaq o təşkilat indiyədək onların orada olmasını təsdiq etməyib”.
İran rəsmiləri “Amerikanın səsi”nə müsahibə vermədikləri üçün bu 3 şəxsin saxlanılması barədə İran hüquq-mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb.