Beynəlxalq

VCMK Apellyasiya Məhkəməsini Elçin Həsənova bəraət verməyə çağırır

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi (VCMK) xuliqanlıqda ittiham olunaraq bir illik islah işlərinə cəlb edilən jurnalist Elçin Həsənovun işi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Cinayət işi bir il öncə baş vermiş hadisə ilə əlaqədardır. Belə ki, E.Həsənov “Asiya” agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun hücumuna məruz qalıb (sonuncu hazırda zorla pul tələb etmək ittihamı ilə istintaq altındadır).

Bu haqda Contact.az məlumatlandırıb.

İnsidentdən sonra E.Həsənov polisə şikayət edib və bir qədər sonra C.Cəfərov E.Həsənovun şikayəti üzrə deyil, zorla pul tələb etmək faktı ilə əlaqədar DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Lakin bu ilin martında bu fakt üzrə E.Həsənovun özünə qarşı CM-in 221.1-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi qaldırılıb. E.Həsənov hesab edir ki, o, jurnalist və müxalifət fəaliyyətinə görə təqib olunur. Belə ki, o, Sumqayıtda nəşr edilən “Yüksəliş naminə” İnternet-qəzetin ((yukselis.info) redaktor müavinidir. Bundan əlavə, E.Həsənov AXCP Ali Məclisinin üzvü, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatı sədrinin müavinidir.

E.Həsənova qarşı cinayət işinin qaldırılması onun orduda korrupsiya və mənimsəmələrlə bağlı yazılarının dərcilə eyni vaxta təsadüf edir.

İyunun 1-də məhkəmə onu 1 il müddətinə islah işlərinə cəlb edib. İyunun 20-də prokuror apellyasiya protesti verib və jurnalistə qarşı maddənin sərtləşdirilərək onun 3,5 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.

İyulun 15-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə prokurorun protestinə baxılacaq.

VCMK hesab edir ki, məhkəmə hökmünün qüvvəyə minmə ərəfəsində prokurorluğun belə addım atması müəyyən suallar yaradır və bu, siyasi xarakter daşıyır. Belə ki, Nizami Rayon Məhkəməsində keçirilmiş prosesləri VCMK müşahidə edib və dövlət ittihamçısı çıxarılmış hökmdən narazı qalmayıb.

Həmçinin VCMK xatırladlb ki, istintaqın gedişi zamanı E.Həsənovun Avropa İnsan Hüquqları Konvensiyası ilə təsbit edilmiş hüquqları və Azərbaycan Konstitusiyasının tələbləri pozulub.

Məhkəməyə göndərilən işin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin aparması özü bir qanunsuzluq olub.

VCMK bildirirki, ittihamın heç bir hüquqi əsası yoxdur və müdafiə tərəfi tam bəraət almaq niyyətindədir. İnsidentin şahidləri olmayıb.

Bütün ittiham zərərçəkənin ifadəsi üstündə qurulub.

VCMK Nizami Rayon Məhkəməsinin çıxardığı hökmü əsassız hesab edir və Elçin Həsənova bəraət verilməsini xahiş edir.

* VCMK 2009-cu ildə yaradılıb. O zaman quruma 100-ə yaxın müxtəlif QHT daxil olub. Hazırda VCMK-nın 20 üzvü fəallıq göstərir.

Daha çox göstər
Back to top button