Beynəlxalq

Müsavat Partiyası xalqı mübarizəyə çağırır

“Azərbaycan hakimiyyəti son illər qanunvericilik və Konstitusiyaya tez-tez dəyişikliklər edir, bir qayda olaraq, bu dəyişikliklər neqativ olmaqla idarəçiliyin daha da sərtləşməsinə, demokratik cəmiyyət quruculuğuna əngəl yaratmağa xidmət edir”. Bu cümlə Müsavat Partiyasının bu gün yaydığı bəyanatdandır.

Sənəddə deyilir ki, son belə Konstitusiya dəyişikliyi 2009-cu ildə olub. Demokratik seçkilərin keçirilməsi üçün normal seçki sisteminin mövcud olmadığı şəraitdə referendum keçirilərək bir şəxsin iki dəfədən çox prezident seçilməsinə qadağa qoyan müddəa ləğv edilib.

Bu haqda Contact.az məlumatlandırıb.

Müəlliflər dövlət başçısı İlham Əliyevin bu günlərdə Konstitusiya Məhkəməsinə (KM) göndərdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsini də tənqid edirlər. “Bu sənədin məzmunu da göstərir ki, hakimiyyət mövcud olan avtoritar rejimi daha da sərtləşdirmək, ölkədə prezident hakimiyyətini mütləqləşdirmək niyyətindədir”, – layihəyə münasibət ifadə edilir.

Müəlliflərə görə, hazırda ölkədə demokratik seçki sistemi mövcud deyil. Belə şəraitdə bu dəyişiklikləri nəzərdə tutan referendum keçirmək ölkədə avtoritar cəmiyyəti daha da möhkəmlətməkdir, bu isə dövlətin və xalqın mənafelərinə ziddir. Son olaraq müəlliflər bütün xalqı cümhuriyyətçilik uğrunda birgə mübarizəyə çağırır.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev bu günlərdə KM-ə prezidentlik müddətinin 7 ilədək artırılması, prezident iradəsinə bağlı vitse-prezidentlik institutunun yaradılması, prezident seçilmək üçün yaş həddinin aradan qaldırılması, prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi ilə bağlı layihə göndərib.

Daha çox göstər
Back to top button