Beynəlxalq

Ə.Kərimli: Konstitusiya referendumu sülalə hakimiyyətinin formalaşdırılmasına yönəlib

İlham Əliyevin Konstitusiyaya təklif etdiyi düzəlişlər avtoritarizmin və ailə hakimiyyətinin gücləndirilməsinə yönəlib. Bu barədə Turan agentliyinin Çətin Sual verilişinə müsahibəsində Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib.

Bu haqda contact.az məlumatlandırıb.

Xatırladaq ki, iyulun 18-də Konstitusiya Məhkəməsinə Konstitusiyaya dəyişikliklər üzrə referendum haqqında akt layihəsi daxil olub. Düzəlişlər dövlət başçısının iş bacarığı olmadıqda onun səlahiyyətlərini yerinə yetirəcək birinci vitse-prezident də daxil olmaqla, vitse-prezidentlər institutunun tətbiq edilməsini nəzərdə tutur. Bundan başqa, prezident parlamenti buraxmaq hüququ əldə edir.

Kərimli hesab edir ki, konstitusiyaya bu cür dəyişikliklərə heç bir ictimai tələbat yoxdur. Konstitusiya onsuz da dövlət başçısına geniş səlahiyyətlər verir. Azərbaycanda onsuz da super prezident respublikası var. Prezidentin artıq mövcud olan səlahiyyətləri ilə digər hakimiyyət qollarına təsiri var.

Yeni düzəlişlər Əliyevin yaxın ətrafından – kifayət qədər nüfuzu olan oliqarxlardan narahat olduğunun göstəricisidir. Amma İlham Əliyev hətta özünün təyin etdiyi parlamentdən və yenə də özünün təyin etdiyi oliqarxlardan asılı olmaq istəmir. Əliyev istəyir ki, hakimiyyətin ötürülməsi məsələsində nəzəri cəhətdən belə heç kim ona mane ola bilməsin”, deyə Kərimli bildirib.

“Belə çıxır ki, hakim komanda müxtəlif qruplardan ibarətdir və dövlət başçısı hansısa bir məqamda nüfuzlu oliqarxların parlamentə də, baş nazirin təyin edilməsinə də təsir göstərə biləcəyini proqnozlaşdırır.

Birinci vitse-prezident vəzifəsinin təsis edilməsi məhz bununla bağlıdır ki, zərurət olarsa, baş nazir deyil, məhz o, prezidentin səlahiyyətlərini yerinə yetirsin”, Kərimli belə hesab edir.

2002-ci ilə qədər zərurət olduqda dövlət başçısının səlahiyyətləri parlamentin spikerinə verilirdi. Həmin vaxt Heydər Əliyev Konstitusiyaya düzəlişlər etdi, ona əsasən, prezidentin səlahiyyətləri seçilən deyil, təyin edilən baş nazirə verilirdi.

“İndi isə İlham Əliyev qərara gəlib ki, parlamentdən yan keçərək, səlahiyyətləri birinci vitse-prezidentə vermək olar.

İkinci prinsipial məqam Əliyevin parlamenti buraxmaq hüququ əldə etmək istəməsidir. O, bu loyal parlamentin belə nəzarətdən çıxa biləcəyindən narahatdır.

İstənilən halda, referendum təşəbbüsü özü Əliyevin narahatlığının göstəricisidir.

O başa düşür ki, sosial-iqtisadi problemlərin həlli imitasiya xarakteri daşıyır. Gec və ya tez həll edilməmiş problemlər sosial narazılıq yaradacaq”, deyə Kərimli qeyd edib.

İdeoloji prinsiplərin birləşdirdiyi komandanın olmadığı şəraitdə Əliyevin yalnız qazanc arzusu ilə birləşmiş ətrafı nəzarətdən çıxa bilər.

Bundan başqa, konstitusiyaya düzəlişlər bir çox suallar doğurur: neçə vitse-prezident olacaq, onlar nə ilə məşğul olacaqlar, Prezident Administrasiyasının və Nazirlər Kabinetinin taleyi necə olacaq?

Beləliklə, şəxsi hakimiyyətin möhkəmləndirilməsi üçün dövləti idarəetmə mexanizmi qurban gətirilir.

Prezident olmaq üçün minimum yaş senzinin aradan qaldırılması isə gələcəkdə hakimiyyətin Əliyevin ailə üzvlərindən birinə verilməsi məqsədilə düşünülüb, müxalifətçi belə hesab edir.

Kərimli həmçinin şəxsi torpaq mülkiyyətinin “sosial ədalət və ya səmərəsiz istifadə məqsədi ilə” özgəninkiləşdirilə bilməsi haqqında düzəlişi tənqidə məruz qoyub.

AXCP bu düzəlişlərin qəbul edilməsinə qarşı mübarizə etmək niyyətindədir. Bunda vətəndaşlar da fəal iştirak etməlidirlər, çünki hakimiyyət xalqın iradəsinə məhəl qoymadan ölkəni idarə etmək niyyətindədir, deyə Kərimli bildirib.

Daha çox göstər
Back to top button