Beynəlxalq

Paşayevlərin gəlirli Retro biznesi

2013-cü ildə Heydər Əliyev fondunun təşkilatçılığı ilə Fransanın bir sıra şəhərlərində Azərbaycan konsert və sərgiləri keçirildi. İşlərin təşkili üçün dövlət vəsaitinin bir qismi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın atası Arif Paşayevə aid şirkətə ödənib.

Bu haqda azadliq.org məlumatlandırıb.

Bakının mərkəzində Novruz şənliyinin, xaricdə Heydər Əliyev Fondu adından keçirilən tədbirlərin hazırlanmasından tutmuş, yol təmirinədək bahalı layihələrə sahib çıxan, paytaxtın müxtəlif guşələrində bahalı əmlak və işlək kommersiya müəssisələrinə sahib olan şirkətləri iki şey birləşdirir – “Retro” brendi və iki məmurun adı – söhbət Vergilər naziri Fazil Məmmədovla Aviasiya Akademiyasının rektoru Arif Paşayevdən gedir.

Qanunvericiliyə görə, hər-hansı səbəbdən şirkətin ləğvinə başlanılması onun firma adının qarşısında «ləğv prosesindədir» qeydi ilə müşayiət olunur.
Qrupa daxil olan şirkətlərə ictimai marağın əsas qaynağı onların mülkiyyətçisinin kimliyi ilə yanaşı, son vaxtlar dövlət alışlarında fəallığı ilə də bağlıdır. «Retro» şirkətlərindən bir neçəsi dövlət pullarına son bir neçə ildə çox asanlıqla yaxınlaşa bilib.

Milli Parka Novruz şənliyinin təşkilatçısı kim imiş…

Hər il ənənəvi olaraq Milli Parkda təşkil olunan və dövlət başçısı İlham Əliyevin qatılığı Novruz Bayramı şənliklərində Keçəllə Kosa yumurta döyüşdürərkən, Retro Dizayn Mərkəzinin Mədəniyyət Nazirliyindən buna görə ikicə ilə 481 min manat aldığını çoxlarımız bilməmişik.

Şirkətin saytında isə bildirilir ki, Avroviziya mahnı yarışması, Bakı Avropa Oyunlarının və s. böyük büdcəli layihələrin icrasında «Retro Dizayn Mərkəzi» yaxından iştirak edib. İşin məğzinin nədən ibarət olduğu barədə sayt məlumat vermir.

«Retro İnşaat» MMC əsasən istehsal şirkəti kimi tanınıb amma fəal şəkildə dövlət satınlamalarında da iştirak edir. Təkcə tikinti şirkəti kimi yox, həm də təchizatçı kimi. Təkcə 2015-ci il üçün satınalmalar reyestrində verilən məlumatlarına görə, Qusar, Quba, Şabran, Yardımlı rayonlarında yolların təmiri, abadlaşdırma işləri ona tapşırılır. 2015-ci ilin 9 ayında şirkət dövlət təşkilatları ilə ən azı 27 satınalma müqaviləsi bağlayıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov özü belə etiraf edir ki, dövlət büdcəsindən tikinti işlərinə ayrılan maliyyənin təqribən yarısı qanunvericiliyin dövlət satılnalamalarını tənzimləyən prosedurlarına əməl etmədən, yəni birbaşa müqavilə bağlamaqla istifadə olunur. Odur ki, biz «Retro İnşaat» MMC-nin iştirakçı olduğu bütün satınalma müqavilələri barədə məlumata malik deyilik. Yalnız rəsmən açıqlanan 27 müqavilənin dəyəri isə 10 milyon manata yaxındır.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarını qadın üçün yay və qış çəkmələri, uzunboğaz botlarla 2015-ci ildə «Retro İnşaat» MMC təchiz edib. Sifarişin ümumi məbləği isə 1,3 milyon manatdan çox olub. Qəribədir, amma şirkətin ayaqqabı fabrikinin olub-olmadığı haqda məlumat yoxdur .

2013-cü ildən şirkətin Şirvan şəhərində sement zavodunun işə düşdüyü isə faktdır. Bu barədə Şirvan şəhər İcra Hakimiyyətinin saytında da məlumatlar var. İllik istehsal gücü 126 min ton zavodda Çin istehsalı olan 2 dəyirman qurulub. Sement istehsalı üçün tələb olunan klinker kənardan alınır.
Bu şəhərdə «Retro Holding» MMC-nin metaləritmə zavodu da var. 2009-cu ildə işə salınan bu müəssisədə qara metal tullantılarından ildə 9 min ton külçə əridilərək hazır metal məmulatı (armatur və s.) istehsalçılarına satılır. Bütün bunlar barədə yenə də Şirvan şəhər icra hakimiyyətinin saytında məlumatlar mövcuddur.
Buzovnada kök salıb
Elə holdinqin baş ofisi də burada, M.Ə. Sabir küçəsi, 22 ünvanındadır. Yaxınlıqda isə yeni salınmış Aida parkı var. Parka şərqşünas alim Aida İmanquliyevanın adı verilib.
Xəzər dənizinin sahildən 1 km aralıda yerləşən dördulduzlu «Retro» otel kompleksi Buzovnada geniş torpaq sahəsində tikilib. Üçmərtəbəli, 22 nömrədən ibarət mehmanxanadan başqa, burada 5 kottec də var. Qiymətlərə gəlincə, otel nömrəsində bir gecə 100 manata, kottecdə isə 250 manatadır. Otelin saytında verilən məlumata görə onun restoranları, açıq və qapalı hovuzları və çox sayda başqa istirahət və əyləncə məkanları var.
Rusiyanın dövlət satınalmaları məlumat bazasında göstərilir ki, bu ilin martında «Rossiya» Aviaşirkəti Səhmdar Cəmiyyəti bu otellə 34 min ABŞ dolları dəyərində otaq kirayəsi müqaviləsi bağlayıb. Şirkətin nümayəndələri 2018-ci ilədək «Retro» otelinin xidmətindən istifadə edəcəklər.
Qubanın öz «Retro»su var
Quba rayonundakı «Retro» oteli isə Buzovnadakından daha böyük əraziyə sahibdir. Rayon İcra Hakimiyyətinin məlumatında göstərilir ki, Qəçrəş kəndinə gedən yolun üstündə tikilmiş və 2011-ci ildən turistlərin istifadəsinə verilmiş bu istirahət məkanı 52 otaqlı mehmanxana və 30 kottecdən ibarətdir. Burada da müştərilərin ixtiyarına hovuz, restoran, idman qurğuları və s. verilib.Otel eyni vaxtda 200 nəfərə xidmət göstərə bilir.
Ağ Şəhər layihəsinin iştirakçısı
Holdinq 2014-cü ildən Bakı Ağ Şəhər layihəsinə qoşulub. «Retro Park» Mənzil Tikinti Kooperativi burada 11 bloklu yeddi mərtəbəli yaşayış kompleksinin tikintisini bu ilin sonunda tamamlamağı nəzərdə tutur. Kompleksdə 3, 4 və 5 otaqlı 135 mənzil olacaq. Binadakı mənzillərə 30 faiz ilkin ödəniş şərtilə 15-18 aylıq faizsiz kreditlə sahib olmaq mümkündür. Qiymətlər isə Bakı üçün orta qiymət sayılır – 1450-1550 m2/AZN. Kooperativin satış mərkəzi müştərilərə binada iki mərtəbədə ev almaq imkanı da verir.
Ticarətdə ilk addımlar
Yeni qurulmuş holdinqin hələlik internet səhifəsi yoxdur. Amma onun xarici ticarət əlaqələri haqda qlobal şəbəkədə artıq müəyyən məlumatlar yer almaqdadır. Aprel və may aylarında «Retro Holding» MMC-nin Azərbaycana Ukraynadan pivə bişirmək üçün iki kontraktla toplam 134 ton arpa, Rusiyadan isə 140 ton toxumluq kartof gətirdiyi açıqlanır. Şirkətin adı həm də metal məmulatı idxalçıları arasında çəkilir.
Deputat deyir ki…
Masallı rayonundan Milli Məclisin üzvü Elmira Axundova KİV-ə müsahibəsində bu bölgədə özəl şirkətlərin fəaliyyətindən söz açarkən deyib ki, «Retro Holding» və «Azərsun Holding» şirkətləri 200 hektara yaxın sahədə tərəvəz əkib, böyük sərmayə layihəsi gerçəkləşdiriblər. Nətəcədə rayonda 700 nəfər mövsümi işlə təmin oluncaq. Dolayısıyla, «Retro Holding»in «ulduzu» yaxın vaxtlarda kənd təsərrüfatında da parlaya bilər.
Eyni ünvan, tanış adlar
Bəs, «Retro» şirkətlərinin Arif Paşayevə bağlı olmasını təsdiq edən birbaşa mənbələr varmı?Şirkətlərin birindən («Retro» MMC) başqa yerdə qalanı bir ünvanda – Bakı şəhəri, Neftçilər prospekti, ev 14, 14-cü mənzildə qeydiyyata alınıb. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısına dair məlumatında Bayraq Meydanı yaxınlığında yerləşən bu doqquzmərtəbəli binada qeydiyyatda olanlar arasında vergilər naziri Fazil Əsəd oğlu Məmmədov da var.
Maraqlıdır ki, Çexiyanın ictimaiyyət üçün açıq olan şirkətlərin məlumat bazasında «Retro İnter» şirkətinin təsisçisi olan A.Paşayevin ünvanı da Ü.Hacıbəyov küçəsi, ev 27, mənzil 46 göstərilir. Həm «Retro» MMC, həm də «Retro İnter S.r.o.» şirkəti 2005-ci ildə təsis olunub.
Təsadüf, yoxsa zərurət
«Retro» MMC-nin direktoru Rafiq Ağahüseyn oğlu Həsənov həm də 1998-ci ilin yanvar ayından Milli Aviasiya Akademiyasının ümumi və təsərrüfat-texniki məsələlər üzrə prorektoru vəzifəsini daşıyır. Arif Paşayev MAA-nın rektorudur.
Səksən yaşını adlamış Arif Paşayev həm də Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) prezidentidir. Federasiyanın vitse-prezidentlərindən biri Turqut Rza oğlu Məmmədovdur. T.Məmmədov «Retro» şirkətlərinin bir neçəsinin, o cümlədən «Retro Holding» MMC-nin prezidentidir.
AzadlıqRadiosu «Retro Holding» MMC-yə yazılı informasiya sorğusu ilə müraciət edərək, akademik Arif Paşayevin bu qrupa aidiyyatı məsələsinə aydınlıq gətirilməsini xahiş edib. Şirkətin hüquq müşaviri Turqay Hüseynov “İnformasiya əldə etmək haqqında” qanunun təmsil etdiyi şirkətə münasibətdə keçərsiz olmasını əsas gətirərək, açıq suala cavab verməkdən yayınıb. Arif Paşayevin «Retro Holding»ə aidiyyatı nə təsdiq, nə də inkar edilib.
Hazırkı halında şirkətlərin bu iki məmurdan hansına – vergilər naziri Fazil Məmmədova ya Aviasiya Akademiyasının rektoru, birinci ledinin atası Arif Paşayevə məxsus olduğu, yaxud şərikli mülkiyyət olduğu aydın deyil. Bəlli olan yalnız budur ki, dövlət büdcəsindən milyonlar qazanan bu şirkətlərin hər iki məmura aidiyyatı var.

Daha çox göstər
Back to top button