Təhlil

Vitse-prezidentlik institutu məntiqə uyğun deyil, hüquqaziddir

Hüquqşünaslar Referendum Aktı layihəsini təhlil edib

Bu fikir hüquqşünaslar Əlövsət Əliyev və Ataxan Əbilovun birgə açıqlamasında yer alıb.
Bu barədə meydan.tv xəbər saytı məlumat verib.

Konstitusiya Məhkəməsinin Referendum Aktı layihəsinə müsbət rəy verməsinə münasibət bildirən hüquqşünaslar hesab edirlər ki, təqdim olunan layihənin əsas hədəflərindən biri “vitse-prezidentlik” institutu ilə bağlıdır:

“Hesab edirik ki, həmin institutla bağlı Konstitusiyanın 103 üstü 1, 106 üstü 1 və 108 üstü 1 maddələrinin təklif edilən qaydada qəbul olunması aşağıdakılara görə yolverilməzdir (yeri gəlmişkən qeyd edilən maddələrin işarələnməsinin özünü (Maddə 103 üstü 1 və s.) qanunvericilik texnikasında yeni bir kəşf hesab etmək olar).

Birincisi, istənilən qanun layihəsinin o cümlədən mübahisələndirilən Referendium Aktının, həm bütövlükdə, həm də konkret olaraq “vitse-prezidentlik” instutu ilə bağlı, ilk olaraq hansı zərurətdən irəli gəlməsinin səbəbləri göstərilməlidir. Yəni, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis olunmasının zəruriliyi əsaslandırılmalıdır və həmin əsaslandırma ağlabatan olmalıdır. Bu, birbaşa qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin tələbidir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 40-cı maddəsinə görə, normayaratma prosesi planlı şəkildə həyata keçirilməlidir. Həmin qanunun 41 maddəsinə əsasən normativ hüquqi aktların layihələrinin hazırlanmasının planlaşdırılmasına normayaratma orqanları tərəfindən aşağıdakıların təsdiq edilməsi daxildir: 1) normativ hüquqi aktların layihələrinin hazırlanması haqqında müddəaları əks etdirən dövlət proqramları; 2) qanun layihələrinin hazırlanmasının illik planları və normativ hüquqi aktların layihələrinin hazırlanmasının digər planları.

Bundan əlavə, ”Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa 1 saylı əlavənin 1-ci bəndinə görə, Normativ hüquqi akt layihəsinin (qanunun) “tənzimləmə sahəsinə aid normativ tənzimləmənin vəziyyəti (qüvvədə olan konkret normativ hüquqi aktların təhlili)” açıqlanmalıdır. Yəni, söhbət təqdim edilən layihəni zəruri edən vəziyyətin təhlilindən gedir”.

Açıqlamada bildirilir ki, Konstitusiyaya dəyişilik sıradan bir hadisə hesab edilə bilməz: ”Demokratik dövlətlərin təcrübəsində buna illərlə hazırlıq gedir. Geniş ictimai müzakirələr aparılır, təhlillər edilir. Azərbaycanda isə bu barədə nəinki hansısa təhlil olub, bu barədə xəbər ictimaiyyətə yalnız layihə Konstitusiya Məhkəməsinə göndərilən gün elan edilib.

İkincisi, Layihənin 103 üstü 1 maddəsinin birinci hissəsindən göründüyü kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunur və ya vəzifədən azad edilirlər. Eyni zamanda, Konstitusiyanın 105-ci maddəsinin I hissəsinə nəzərdə tutulan dəyişikliyə görə, “Azərbaycan Respublikasının Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərini Azərbaycan Respublikasının baş naziri icra edir” sözləri “Azərbaycan Respublikasının Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti icra edir” sözləri ilə əvəz olunması nəzərdə tutulmuşdur. Yəni bununla – təklif edilən layihə ilə səlahiyyətlər irarxiyasında Birinci vitse-prezidentin Baş nazirdən üstün pillədə durması vəziyyəti hədəflənib. Belə olan halda Baş nazirin təyinatını tənzimləyən Azərbaycan Respublikası Konstitusiyasının 118-ci maddəsinin I hissəsilə müqayisədə (Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir) Birinci vitse-prezidentin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təkbaşına vəzifəyə təyin və vəzifədən azad edilməsinin qaydası məntiqə uyğun deyil, hüquqaziddir. Təqdim olunan layihənin məzmunundan görünür ki, Birinci vitse-perzident vəzifəsi Baş nazir vəzifəsindən daha önəmlidir. Bu halda da hakimiyyətin idarə olunmasında qanunverici orqanın iştirakı prinsipi ən azı nəzərə alınmalı və Birinci virse-prezidentin birbaşa prezident tərərfindən təkbaşına təyin olunması yolverilməz hesab olunmalıdır.

Üçüncüsü, mühüm dövlət vəzifələrinə təyinat zamanı qanunvericilik hakimiyyətinın iştirakı demokratizmin, bu barədə icra hakimiyyəti başçısının təkbaşına qərarları mütləqiyyətin əlaməti hesab edilir. Vəzifəli şəxsin təyinatı zamanı parlamentin rəyinin alınması xalqın etimadının nəzərə alınması düşüncəsinə gətirib çıxarır ki, bu da dövlətçilik ənənəsi baxımından vacibdir.

Daha çox göstər
Back to top button