Beynəlxalq

Milli Şura: İqtisadi vəziyyət fəlakət həddindədir

”Ölkənin biznes-investisiya mühiti təsirli dərəcədə korlanıb”

Meydan.tv yazır Milli Şura ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı xalqa müraciət edib. “Azadlıq” qəzetinin yaydığı müraciətdə deyilir ki, ölkənin sosial-iqtisadi vəziyyəti günü-gündən ağırlaşmaqda, pisləşməkdə davam edır.
”Makroiqtisadi göstəricilərin təhlili göstərir ki, 2016-cı ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 milyard dollar az ümumi daxili məhsul istehsal edilib. Bu göstərici üzrə ümumi səviyyə 37,6 faiz aşağı düşüb. Mövcud tendensiyanın davam edəcəyi təqdirdə ilin sonunadək ümumilikdə ölkə 19-20 milyard dollar gəlirdən məhrum ola bilər. 2015-ci ildə ÜDM-in həcmindən 22 milyard dollar itirdiyimizi də nəzərə alsaq, iki il ərzində 40 milyard dollardan çox itkinin iqtisadiyyatımızda yarada biləcəyi ciddi problemlərin həlli böyük çətinliklər hesabına başa gələcəyini təsəvvür etmək çətin deyil. Vəziyyətin fəlakətli olmağı ondan ibarətdir ki, ÜDM üzrə ümumi azalmanın 70 faizi qeyri-neft sektorunda yaranıb. Belə vəziyyət neft qiymətlərinin və hasilatın aşağı düşdüyü bir zamanda qeyri-neft sektoruna bağlanmış ümidləri tam puça çıxarır”.

Müraciətdə bildirilir ki, 2016-cı ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən cəmi 4,2 milyard dollar kapital qoyuluşu həyata keçirmək mümkün olub. Halbuki, ötən ilin eyni dövründə 7, 9 milyard dollar yatırım edilib: “Görünüdüyü kimi, bu göstərici 3,7 milyard dollar və ya 48 faiz azalıb. Kapital qoyuluşu kənd təsərrüfatında 79 faiz, qeyri-neft sənaye sahələrində 65 faiz, tikintidə 37 faiz aşağı düşüb. Xidmət sektoruna yatırımlar 84 faizə yaxın enib. Bütövlükdə qeyri-neft sektoruna kapital qoyuluşu 71 faiz azalıb. Yerli investorlarımız bu il 68 faiz və ya 2,7 milyard dollar az yatırım ediblər. Xarici investisiyaların 18 faizdən çox azalması əminliklə söyləməyə əsas verir ki, ölkənin biznes-investisiya mühiti təsirli dərəcədə korlanıb”.

Sənəddə vurğulanır ki, pul-kredit siyasətində buraxılan kobud səhvlər ölkənin bank sisteminin fəalliyyətini iflic halına gətirib. Mərkəzi Bankın iki böyük devalvasiya qərarının təsiri ilə əhalinin həm milli valyutaya, həm də banklara inamı sarsılıb. Devalvasiya olmayacağına dair ən ali səviyyədə əhalinin aldadılması səbəbindən əmanətçilər, habelə maliyyə və qeyri-maliyyə təşkilatları milyardlarla itki verib: ”Həm milli valyutanın iki dəfəyə yaxın dəyərdən salınmasına, həm də bank sisteminə inamın itməsinə görə əhalinin 9 milyardlıq əmanəti 4 milyard azalaraq 5 milyard dollara düşüb(cari ilin aprel ayının sonuna olan məlumata görə). Maliyyə təşkilatlarına məxsus depozit itkisi 1,3 milyard dollar və ya 24 faizdən çox olub. Yalnız 2016-cı ilin ilk 4 ayında əhali 1,8 milyard manatlıq əmanəti bank sistemindən kənara çıxarıb. Cari ilin fevral, mart, aprel aylarında isə maliyyə təşkilatları 980 milyon manat depoziti bank sistemindən geri çəkib. Belə vəziyyət bankların resurs imkanlarını kəskin şəkildə pisləşdirdiyinə görə kredit qoyuluşu üzrə dinamikanı saxlamaq mümkün olmayıb. Yalnız cari ilin ilk dörd ayında 3 milyard manata yaxın kredit iqtisadiyyatdan geri çəkilib. 15 ay ərzində kredit qoyuluşu 47,5 faiz və ya 11,2 milyard dollar azalaraq 12,5 milyarda düşüb. Böyük narahatçılıq həm də ondadır ki, banklar tərəfindən geri çəkilən kreditlər təkrarən iqtisadiyyata dönmür. Belə vəziyyət iqtisadi və sosial işgüzarlığın təsirli dərəcədə zəifləməsinə gətirib çıxarmaqla geniş təkrar istehsalın hüdudlarının kiçilməsinə səbəb olub”.

Müraciətdə deyilir ki, qiymətli kağızlar bazarı, daşınmaz əmlak, avtomobil bazarları çöküb, kənd təsərrüfatı gəlirsiz sahəyə çevrilib və bu sahədə çalışan 1 milyon 700 mindən çox insan Allahın ümidinə buraxılıb. Emal sahələrinin 44 faizində tənəzzül yaşanır:

”Ölkənin ümumi istehlak bazarının aylıq həcmlərinin təhlili göstərir ki, ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin may ayında ümumi bazarın həcmi 47 faiz azalaraq 1,9 milyard dollara düşüb. Məhsul bazarı 44 faiz kiçilib. Ümumi bazarın 5 aylıq həcmlərinin müqayisəsinə görə bu ilin “yanvar-may” aylarında bazar dövriyyəsi 30 faiz azalıb. Əgər bu sahədə müsbət dəyişikliyə nail olmaq mümkün olmazsa, ilin sonunadək bazarın ümumi həcmi üzrə 11 milyard dollardan çox azalacaq və 34 faiz itki qaçılmaz olacaq”.
Milli Şura bəyan edir ki, xarici ticarət sahəsində yaranmış təhlükəli və acınacaqlı tendensiya bu gün də davam etməkdədir:

”2016-cı ilin yanvar-iyun aylarında keçən ilin müvafiq dövrünə nisbətən ixrac 38,6 faiz, idxal dövriyyəsi isə 13,9 faiz azalıb. Ümumi ticarət əməliyyatlarının həcmi bu dövrdə 28 faiz aşağı düşüb. 2015-ci ildə xarici ticarət dövriyyəsi üzrə 10 milyard dollardan çox və ya 33,5 faiz itki verdiyimizi də unutmaq olmaz. İxrac dövriyyəsi üzrə 48 faiz, xarici ticarətdən valyuta qazancı üzrə 82 faiz tirdiklərimizi də nəzərə almalıyıq. Xarici ticarət siyasətində buraxılan kobud səhvlər ixracın 85-90 faizinin, bir sıra hallarada, hətta 94 faizinin xam neft və neft məhsullarından ibarət olması ilə nəticələnib. Qeyri-neft mallarının ixrac potensialının artırılmasına dair səslənən rəsmi açıqlamaları bu sahədəki real faktlar alt-üst edir. 6-10 faiz qeyri-neft mallarının ixracından əldə etdiyimiz valyuta hesabına idxal etdiyimiz qeyri-neft mallarının xərcini ödəyə bilmirik. Qeyri-neft mallarının idxal-ixrac balansı üzrə 2015-ci ildə 72 faiz kəsir vardırsa, cari ilin “yanvar-iyun”ında bu kəsir 80 faizdən çoxdur. Uzun müddət qeyri-neft sektorunun diqqətdən kənarda saxlanılmasının nəticəsidir ki, bu gün xarici ticarətdə itirilən milyardların heç omasa əhəmiyyətli hissəsini məşğul əhalinin mütləq əksəriyyətinin çalışdığı bu böyük sahə hesabına bərpa etmək mümkün olmur”.

”Ölkədə əmək haqqı siyasəti iflasa uğrayıb. Bu siyasət nə işləyən əhalinin sosial vəziyyətinin pisləşməsinin qarşısını almağa yarayır, nə ədalətli bölgü həyata keçirməyə, nə də kəskin sosial təbəqələşməyə mane olmağa. Muzdlu işçilərin orta aylıq əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin “yanvar- may” aylarında 7,6 faiz artaraq 489,5 manat təşkil edir. 7,6 faizlik ümumi artım məbləğinin 55 faiz neft sektorunda cəmləşən 2 faiz muzdlu işçinin payına düdüyünə görə 98 faiz işçinin nominal əmək haqqı 4 faizə qədər artıb. Qeyd edilən dövrdə 10,5 faizlik rəsmi bahalaşma səviyyəsini hesaba alsaq, 98 faiz işçinin alıcılıq qabiliyyətinin 7 faizə yaxın pisləşməsi məlum olar. Bu, rəsmi açıqlanan bahalaşma səviyyəsi ilə müqayisədə belədir. Əgər onu da nəzərə alsaq ki, müqayisə edilən dövrdə orta hesabla 66 faiz devalvasiya baş verib və bu səbəbdən bazarlarda qiymətlər sürətlə bahalaşıb, o zaman ölkədə ümumi həyat səviyyəsinin 40 faizə yaxın pisləşməsi üzə çıxar. Xarici valyuta ilə aparılan qiymətləndirmələrə görə neft sektorunda çalışanların maaşları da ötən dövrdə 13 faiz azalıb. Belə yanaşma qeyri-neft sektorunda çalışan muzdluların orta aylıq əmək haqqının 37 faiz azalaraq 276 dollara düşdüyünü ortaya qoyur. Hazırda orta aylıq əmək haqqı göstəricisinə görə Gürücüstandan, hətta Ermənistandan da geri düşmüşük. Bu ölkələrdə orta aylıq əmək haqqı 400 dollara yaxındır. O da məlum olub ki, neft sektorunda çalışan bir işçinin əmək haqqına edilən artımın məbləği qeyri neft sektorunda çalışan bir işçinin əmək haqqına edilən artım məbləğini 54 dəfə üstələyir. Uzun müddət ərzində davamlı xarakter almış bu yanlış siyasət azlıqla çoxluq arasındakı məsafəni xeyli böyüdərək sosial təbəqələrin kəskin qütbləşməsinə gətirib çıxarıb” – deyə müraciətdə bildirilir.

Həmçinin yazılır ki, iqtisadi tənəzzül dövlətin büdcə gəlirlərini formalaşdıran mənbələrin 54 faizini təsir altına alıb. Gəlir vergisi üzrə büdcəyə daxilolmalar bu ilin aprel ayında manatla ifadədə 53 faiz azalıb (bu ilin yanvar ayı ilə müqayisədə). Mənfəət vergisi üzrə dövlət büdcəsinə ödənişlər 2 dəfə yüksəlsə də, çəkisinə görə ən böyük vergi növlərindən biri sayılan ƏDV üzrə büdcəyə daxilolmalar 30 faizə enib:

”ƏDV hesablanan dövriyyənin 30 faiz azalması fonunda mənfəət vergisi üzrə yığım məbləğinin 2 dəfədən çox artması sahibkarların vergi orqanları tərəfindən sıxışdırılmasının göstəricisidir. Sadələşmiş vergi növü üzrə dövlət büdcəsinə toplanan vəsaitin həcmində 34 faizdən çox azalma qeydə alınıb. Torpaq və əmlak üzrə yığılan vergilərin həcmi 12-13 faiz azalıb. “Digər daxilolmalar” kateqoriyası üzrə büdcəyə yönələn pulun məbləğində 67 faiz azalma əmələ gəlib. May, iyun aylarında vəziyyət daha acınacaqlıdır. Bu aylarda büdcə gəlirləri “yanvar daxilolmaları” ilə müqayisədə, uyğun olaraq 45 faiz və 49,6 faiz azalaraq 740 və 680 milyon manata düşüb.
Bu ilin dövlət büdcəsindən investisiya məqsədləri üçün 3 milyard manat xərcləmək nəzərdə tutulub. Artıq 4 ay ötüb. Ancaq büdcədən investisiya üçün vur-tut 246 milyon ayrılıb. Bu gedişatla 3 milyarddan ilin sonunadək yalnız 740 milyon və ya 75 faiz az yatırım etmək mümkün olacaq. İlin sonunadək dövlət büdcəsindən səhiyyənin maliyyələşdirilməsinə ayrılmış vəsaitlərin 51 faiz, təhsil xərclərinin 26 faiz, sosial müdafiə və sosial təminat xərclərinin 19 faiz, ümumdövlət xidmət xərclərinin 21 faiz, məhkəmə hakimiyyəti, hüquq – mühafizə və prokurorluq orqanlarına ayrılmış xərclərin 22 faiz kəsirdə qalacağı gözlənilir. Dövlət büdcəsində yaranmış bu gərgin vəziyyət hər kəs üçün, xüsusən də hökumət və parlament üçün ciddi siqnal sayılmalıdır. Çünki əmək haqqı və pensiyaların, təqaüd və müavinətlərin verilməsində yaranan çətinliklər böyüməkdədir. Hətta yarım milyona yaxın insana verilən ünvanlı sosial yardımların dayandırılması gündəmə gətirilib”.

Müraciətdə daha sonra qeyd olunur ki, valyuta bazarını tənzimləmək məqsədi ilə Mərkəzi Bankın illərlə yığdığı 15,2 milyard dollarlıq valyuta ehtiyatları 11 milyard əriyərək 4,2 milyarda düşüb:

”Dövlət Neft Fondunun aktivləri 37,9 milyard dollardan 34,2 milyarda düşüb (cari ilin I rübünün sonu). Aktivlər 3,7 milyard dollar və ya 10 faizə qədər azalıb. İnvestisiya portfelinin gəlirliliyi 1,2 faizə enib. Bu cüzi gəlirlər də ya inflyasiyanın, ya da gözlənilməyən xərclərin sayəsində yoxa çıxıb. İnvestisiya vəsaitlərinə böyük ehtiyac, ucuz kredit resurslarına hamılıqla möhtac qaldığımız bir zamanda xalqa məxsus milyardların qəpik-quruş qarşılığında əcnəbi ölkələrin yeminə çevrilməsini heç bir sağlam məntiqlə izah etmək mümkün deyil.
Ölkəyə valyuta axınlarının azalması, habelə xaricə valyuta axınlarının kəskin şəkildə artması səbəblərindən 2015-ci ilin Tədiyyə Balansı üzrə 222 milyon dollardan çox mənfi saldo yaranıb. Bu azalma ölkənin ehtiyyat aktivlərinin 11,3 milyard dollar azalması ilə müşayiət olunub. 2016-cı ilin yanvar-iyun aylarında da Tədiyyə Balansında böyük həcimdə kəsir yaranmış, ehtiyyat aktivlərimiz daha 1,3 milyard dollar azalmışdır. İlin sonunadək bu kəsirin sürətlə böyüməsi çox realdır və belə vəziyyət ehtiyyat aktivlərinin azalmasını daha da sürətləndirə bilər.
Xarici dövlət borcu 1 il 3 aya 5,1 milyard manatdan 11,5 milyarda yüksəlib. Borcun ÜDM-dəki payı 8,6 faizdən 21 faizə yüksəlib. Dövlətin xarici borcdan asılılıq səviyyəsi az müddətdə xeyli böyüyüb.
2016-cı ilin yanvar-iyun aylarında keçən ilinmüvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,5 faiz artıb”.

Bu günlərdə hökumətin 6 aylıq hesabatına həsr edilmiş müşavirədə iqtisadi möcüzə haqqında danışılan şirin nağılların real gerçəkliklə heç bir bağlantısı yoxdur. 78 min yeni iş yerinin açılması haqqında söylənən əfsanəyə də kimsəni inandırmaq mümükün deyil. Əksinə, iqtisadi tənəzzülün qarşısını almaqda tam acizlik hökm sürür. Məlum olub ki, böhran çox təhlükəli mərhələyə daxil olub. Təəssüflə qeyd olunmalıdır ki, 1-ci və 2-ci devalvasiyadan ötən qızıldan qiymətli zaman da itirilib. Heç olmasa, gerçək vəziyyət xalqdan gizlədilməsəydi, düzgün yol tutulsaydı, real islahatların önü açılsaydı, imitasiya siyasətindən imtina edilsəydi, korrupsiyaya, rüşvətxorluğa, monopoliyaya, haqsız rəqabətə son qoyulsaydı nəticələr bu qədər fəlakətli həddə gəlməzdi. Elə bu üzdən də dünənlə müqayisədə bu günün və sabahın problemləri daha da böyüyüb.

Mövcud vəziyyətin təhlilindən aydın olur ki, yanlış idarəetmənin gətirdiyi iqtisadi fəlakət böyüməkdə, illərlə bünövrəsi qoyulmuş problemlər kəskinləşməkdədir. İqtisadi fəal əhalinin mütləq əksəriyyətinin çalışdığı qeyri-neft sektorunun çökməsi və daha da ağırlaşmağa doğru istiqamət alması maliyyə vəziyyətini daha da pisləşdirməklə sosial çətinliklərin yükünü sürətlə artırmaqdadır. İctimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində dərin kök salmış problemlərin yerindən tərpədilməməsi, habelə dövlət büdcəsi üzrə nəzərdə tutulmuş öhdəlik və vəzifələrin yerinə yetirilməməsi vəziyyəti daha da çıxılmaz edir.

Milli Şura hökumətin nəzərinə çatdıraraq bildirir ki, siyasi və iqtisadi islahatların önünü açmadan, hüququn aliliyini təmin etmədən, müstəqil məhkəmə hakimiyyəti yaratmadan, azad və ədalətli parlament seçkiləri keçirmədən, vətəndaş cəmiyyəti quruculiğu yolunda yaradılmış əngəlləri aradan götürmədən iqtisadi və sosial tənəzzülün zəiflədilməsinə nail olmaq mümkün deyil.

Milli Şura bəyan edir ki, hazırkı siyasət davam etdiriləcəksə, tənəzzülün hüdudları daha böyüyə, əhali sürətlə var-yoxdan çıxa, ölkənin maliyyə resursları kəskin şəkildə zəifləyə bilər. Milli Şura ölkədə bütün baş verənlərə görə hakimiyyətin məsuliyyət daşıdığını növbəti dəfə xatırladaraq islahat görüntüsü yaratmaq siyasətinə son qoyulmasını, qanunların tələblərinə ciddi şəkildə əməl edilməsini, məmur özbaşınalığına və cinayətkar fəaliyyətə, ayrı-seçkiliyə son qoyulmasını, vətəndaşların, həm də sahibkarların və investorların konstitusiyon hüquq və azadlıqlarına hörmət edilməsini, korrupsiya və rüşvət maşınının durdurulmasını, monopoliya və haqsız rəqabətin dayandırılmasını, ölkədə əlverişli iqtisadi şəraitin yaradılmasını tələb edir.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button