Beynəlxalq

Sülhəddin Əkbər: Hakimiyyət Azərbaycanı xaosa sürükləyir

Son vaxtlarda hakimiyyət rəsmilərinin fikirlərinə münasibət bildirən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Meydan TV-yə deyib ki, xarici amillərin təsirini istisna etməsə də, hakimiyyət dünyada və regiondakı proseslərdən əks nəticə çıxarır: “İstər Ukrayna, istər Suriya, istərsə də Türkiyə böhranı olsun, bir fakt ortadadır ki, hakimiyyətin yeganə mənbəyi xalqdır, həmçinin dövlətin və iqtidarın qoruyucusu millətdir. Burdan çıxan nəticə odur ki, əgər Azərbaycan hakimiyyəti millətdən və dövlətdən narahatdırsa, yəni Suriyada, Ukraynada, Türkiyədə baş verən böhranların ölkəmizdə yaranmasını istəmirsə, millətinə və onu sevən insanlara arxalanmalıdır, nəinki “beşinci kolon”a”.

Sülhəddin Əkbər düşünür ki, Azərbaycan hakimiyyəti zaman itirmədən demokratik islahatlara getməlidir, paralel olaraq bütün cəmiyyətlə-müxalifətlə, media ilə, ziyalılarla, vətəndaş cəmiyyətilə- açıq dialoqa başlayıb, azad və ədalətli seçkilər keçirməlidir: “On illərdir bu barədə danışsaq da, hakimiyyət əks nəticələr çıxarır. Birinci, 2009-cu ildə referendum keçirib bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyəti ortadan götürdü. İndi isə prezidentlik müddətini uzadır və dövlət başçısına parlamenti buraxmaq səlahiyyəti verir. Bu, konstitusiyalı monarxiya istiqamətində atılan addımdır”.

“Konstitusiyaya dəyişiklliklər etməklə hakimiyyəti möhkəmləndirmək yox, yalnız qısaltmaq olar, bu baxımdan Əli Əhmədov yanlış düşünür. Onsuz da 2014-cü ildən Azərbaycanda maliyyə-iqtisadi böhran başlayıb və ardınca idarəçilik böhranı üzə çıxdı. Mən Beynəlxalq Bankla başlayıb Milli Təhlükəsizlik Nazirliyində davam edən və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yekunlaşan prosesi nəzərdə tuturam. Halbuki, davam etsəydi, digər idarəçilik strukturlarında da böhran üzə çıxacaqdı. Bunların ardınca sosial böhran başladı, ikinci devalvasiyadan sonra sosial-siyasi nəticələrin əlamətləri üzə çıxdı, rayonlardakı aksiyaları yəqin ki, xatırlayırsınız. O zaman Meydan TV-yə demişdim ki, Azərbaycan böyük dəyişikliklər ərəfəsindədir. Elə o vaxt Azərbaycan ümumi sistem böhranına daxil oldu, ona görə də geniş və dərin islahatlara ehtiyac var. Bu islahatlar iki istiqamətdə ola bilər: Birinci, hakimiyyət bütün sahələrdə demokratik islahatlara start verir, ikinci, xarici təhdidləri önləmək üçün milli birliyə nail olur. Bunu edə bilmədiyi halda hakimiyyətin dəyişilməsi prosesi başlayır. Təəssüf ki, hakimiyyət regionda və dünyada baş verənləri anlamır, tam tərsinə hərəkət edir”,-deyə Sülhəddin Əkbər bildirib.

ADP sədrinin fikrincə, referenduma getmək hakimiyyəti möhkəmləndirməyəcək, çünki bu siyasi xətt dinc, demokratik inkişaf yolunu qapadır. Onda da hakimiyyətin dəyişilməsini istəyən millət alternativini tapacaq. Dinc, demokratik dəyişikliklərin alternativi də qeyri-dinc dəyişikliklərdir, bu isə Azərbaycanı xaosa sürükləyəcək: “İqtidardakıların hakimiyyət hərisliyi elə bürüyüb ki, fərqinə varmadan dövləti və milləti xaosa və zorakılığa sürükləyirlər. Əli Əhmədov bilməlidir ki, konstitusiyaya dəyişiklik edib prezidentlik müddətini uzatmaqla hakimiyyəti qorumaq olmaz. O zaman gərək krallar, şahlar, ümumiyyətlə, hakimiyyətdən getməyəydi, çünki onlar heç seçki institutunu tanımırdılar. Azərbaycan Səudiyyə Ərəbistanı yox, ATƏT məkanına daxil olan ölkədir, bizim region başqa məkandır, bunu anlamaq lazımdır”.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin “Mehriban Əliyevanın 1-ci vitse-prezident tutması milli maraqlara cavab verərdi. Vitse-prezidentlərə gəldikdə isə bu postu tutacaq şəxslər prezidentə sadiq, bacarıqlı və təcrübəli olmalıdırlar. Bu keyfiyyətlərinə görə YAP-in sədr müavinləri, o cümlədən Ramiz Mehdiyev, Bəylər Eyyubov, Ramil Usubov, Kəmaləddin Heydərov, Vasif Talıbov, Əli Həsənov vitse-prezident təyin olunmağa daha çox layiqdirlər” açıqlamasına da münasibət bildirən Sülhəddin Əkbər belə cavab verdi: “Bunlar artıq detallardır və hakimiyyətdaxili maraq qruplarının yaranmış yeni siyasi şəraitdən yararlanmaq istəklərini göstərir. Məni isə bu detallar maraqlandırmır, millətimin və dövlətimin taleyindən daha çox narahatam. Dünyada yeni dünya düzəni qurulur. Bu adamlar 1989-cu ildən başlayan prosesi görməyib hakimiyyətlərinin ömrünü artırmaq haqda düşünürlərsə, hər hansı təklif verməyin də anlamı qalmır”.

Daha çox göstər
Back to top button