Beynəlxalq

AzDP də referendumun əleyhinə çıxdı

Azərbaycan xalqını birliyə, öz dövlətinə, hakimiyyətinə və gələcəyinə sahib çıxmağa çağırırıq”

Sentyabrın 26 Konstitusiya dəyişikliyi ilə bağlı keçiriləcək referendumla əlaqədar olar Azad Demokratlar Partiyası bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Əziz həmvətənlər, hörmətli xanımlar və bəylər! Yeni dünya nizamı quruculuğu prosesi gedən dünyamızda, qonşu regionlarda, eyni zamanda postsovet məkanında, həmçinin C.Qafqaz və Xəzər regionunda geopolitik qarşıdurma Ukrayna böhranı sonrası həlledici mərhələyə daxil olub. Çünki, Ukrayna ABŞ və AB üçün Yeni Avropa təhlükəsizlik sisteminin məhək daşı, Rusiya üçünsə imperiyanın tarixi legitimlik əsasıdır. Azərbaycanın mürəkkəb coğrafiyada yerləşməsi, geopolitik, geostrateji, geoekonomik və geokultural mövqeyinin mürəkkəb və həssas olması, müharibə vəziyyətində, torpaqlarının bir hissəsinin işğal altında olması, yeni dünya nizamı quruculuğu prosesinin getdiyi və geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğu bir zamanda hələ də strateji seçim etməməsi onu daha həssas və xarici təsirlərə daha açıq hala gətirməkdədi. Azərbaycan Respublikasında 2014-cü ildən başlayan, 2015-ci ilin fevral ayından isə açıq şəkil alan maliyyə-iqtisadi böhran, öncə ölkədəki, maliyyə və milli təhlükəsizlik sistemi başda olmaqla, idarəçilik sistemi böhranını, ardınca da (21 dekabr 2016-cı il sonrası) sosial-iqtisad böhranı və sosial-siyasi böhranın ilk əlamətlərini üzə çıxardı. Beləliklə də, böhran qısa zaman ərzində sistem xarakteri almış oldu. Əziz həmvətənlər, hörmətli xanımlar və bəylər! Göründüyü kimi Azərbaycan üzərində də bir kabus dolaşmaqdadır. Milli birliyə və həmrəyliyə böyük ehtiyacın yarandığı belə bir dövrdə Azərbaycan hakimiyyəti dünyada, regionda, eyni zamanda ölkə ətrafında və daxilində yaranmış və dinamik inkişafda olan, milli təhlükəsizliyimiz baxımından əlverişsiz və qəbuledilməz olan bu durumu nəzərə alaraq müxalifəti, vətəndaş vəmiyyəti, ziyalıları, mediyası başda olmaqla bütün cəmiyyətlə gecikmiş də olsa həqiqi dialoqa getmək, vaxt itirmədən ölkədə geniş (siyasi, iqtisadi, sosial, hüquqi, təhlükəsizlik və hərbi) demokratik islahatlara başlamaq, 15 iyul 2016-cı ildə qardaş Türkiyəyə edilən strateji hücumdan, onun hərbi xuntanın əli ilə, uğursuz da olsa, daxildən vurulmasından və ağır nəticələri olan bu təhlükəli hadisənin ilkin ibrətamiz nəticələrindən, o cümlədən hakimiyyətin həqiqi mənbəyinin də, hakimiyyətin və dövlətin əsas qoruyucusunun da məhz millət olduğundan lazımı dərs almaq, milli birliyi təmin etmək yerinə, çox təəssüf ki, Ukrayna və Suriya böhranlarından sonra olduğu kimi, yenə də paradoksal nəticələr çıxarmış, təlaş içində, tələm-tələsik öz hakimiyyətini qeyri-demokratik yolla daha da uzatmaq və möhkəmləndirmək fikrinə düşmüşdür. Demokratiyalarda hakimiyyətin yeganə mənbəyinin millət olduğu, hakimiyyətin zamanla və səlahiyyətcə məhdudlaşdırıldığı, onu möhkəmləndirməyin ən doğru yolunun isə özünə deyil, məhz milli maraqlara- vətəndaşa, millətə və dövlətə xidmət olduğu isə, çox təəssüf ki, unudulmuşdur.

18 iyul 2016-cı ildə- Türkiyə böhranından cəmi üç gün sonra prezident İlham Əliyevin, prezidentlik müddətinin 7 ilədək uzadılmasını və prezidentə parlamenti buraxma səlahiyyətinin verilməsini nəzərdə tutan, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalaması, 25 iyul 2016-cı il tarixdə AR Konstitusiya Məhkəməsi Plenumunun ona gözlənildiyi kimi müsbət rəy verməsi və elə bunun səhəri günü 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqqında prezident sərəncamının verilməsi bir daha hakim siyasi elitanın qəflət yuxusunda olduğunu, dünyada, regionda və ölkəmizdə nələrin baş verdiyini düzgün analiz edə və qiymətləndirə bilmədiyini, bu səbəbdən də baş verənlərə adekvat reaksiya verə bilmədiyini göstərməkdədi. Azad Demokratlar Partiyasının Ali Məclisi dünyada, regionda və ölkəmizdə yaranmış mövcud vəziyyəti və onun başlıca inkişaf meyllərini nəzərə alaraq hakimiyyəti faktiki olaraq konstitusiyalı monarxiyanın yaradılması istiqamətində addım atmamağa, ölkəmizin dinc, demokratik inkişaf yollarını qapatmamağa, ümumi böhran fonunda onsuz da gərgin olan ictimai-siyasi vəziyyəti kəskinləşdirməməyə, təcili olaraq bu siyasi kampaniyanı dayandırmağa, eyni zamanda cəmiyyətin bütün təbəqələri ilə açıq və həqiqi dialoqa başlamağa, ölkəmizdə geçikmiş də olsa geniş demokratik islahatlar aparmağa, demokratik, azad və ədalətli seçkilərin keçirilməsini təmin etməyə, daxili sınma xətlərini “təmir və bərpa etmə”yə və milli birliyə nail olmağa, eyni zamanda ölkəmiz ətrafında nisbətən əlverişli beynəlxalq və regional əhatənin yaradılması üçün təxirəsalınmaz addımlar atmağa, sürətlə yaxınlaşan təhlükələrin- artan xarici risk, çağırış və təhdidlərin səmərəli şəkildə önlənməsi üçün önləyici tədbirlər görməyə çağırır…”.

Daha çox göstər
Back to top button