Həbs edilmiş müxalifətçinin yanına vəkil buraxmırlar
AXCP Sumqayıt Gənclər Təşkilatının sədri Ruslan Qarayevin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayevin müvəkkili ilə görüşməsinə yenə icazə verilməyib.
Bu haqda contact.az mәlumat verib.
Vəkil bildirib ki, iyulun 30-da o, saatlarla Sumqayıt polis idarəsinin binası qarşısında dayanmaq məcburiyyətində qalıb.
“Bununla artıq dördüncü dəfədir ki, Ruslan Qarayevlə görüşməyimə icazə vermirlər. Sonuncu dəfə iyulun 25-də onunla görüşməyimə icazə veriblər. Amma vəkilin müvəkkili ilə görüşü üçün rəsmi icazə lazım deyil. 102 xidmətinə də, ombudsman aparatına da zəng etmişəm, amma hamısı nəticəsiz qalıb”, deyə vəkil bildirib. O qeyd edib ki, zəruri tədbirləri görmək məcburiyyətindədir.
Öz növbəsində, DİN-dən bu məsələ ilə bağlı şərh verməkdən yayınırlar, yalnız məsələyə baxılacağını bildirirlər. Ombudsman aparatından da eyni cavab verilib.
Ruslan Qarayev iyulun 20-də saxlanılıb və 20 gün inzibati həbs cəzasına məhkum edilib. AXCP rəhbərliyi Qarayevin həbsinin sifarişli xarakterli olduğundan əmindir.
Hazırda 10-dan çox AXCP üzvü həbsdədir. Buna baxmayaraq, Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olmadığını iddia edirlər. -0-