Ekonomika

ABŞ mətbuatı manatın ağır durumundan yazdı

ABŞ-n nüfuzlu Bloomberg agentliyi Azərbaycan barədə məqalə yayımlayıb. Məqalədə Azərbaycanın düşdüyü çətin iqtisadi vəziyyət və hökumətin yanlış pul siyasətindən bəhs edilir.

Azərbaycanın rəhbər orqanları bir tərəfdən bankların dollar ehtiyacını təmin etməyə çalışarkən, digər tərəfdən gələcək spekulyasiyaların qarşısını almaq üçün dövriyyədən milli pul vahidi – manatı yığır. Hətta baxmayaraq ki, ölkənin Dövlət Neft Fondu Mərkəzi Bank tərəfindən həftədə 2 dəfə təşkil olunan auksionlarda dollar təminatını gerçəkləşdirir, Mərkəzi Bank ilk dəfə iyun ayında manatı dövriyyədən yığmaq məqsədilə ölkə borcverənlərindən depozit cəlbinə başladı.

“Dövlət Neft Fondu və ya Mərkəzi Bank dollar ehtriyacını tam təmin edə bilmir, buna görə də tənzimləyici orqan əlavə manatları yığmaqla bankların dollar alışını dayandırmaq istəyir,” –Azərbaycan İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Samir Əliyev deyib. “Biznesə borc vermək əvəzinə banklar manatı Mərkəzi Bankda depozit kimi saxlayır.”

Keçən ilin iki devalvasiyası və Azərbaycan Mərkəzi bankın ehtiyatlarının üçdə ikisinin əriməsinə səbəb olan monetar müdaxilələr xarici valyutaya olan tələbatın artmasına əngəl ola bilmədi. Yenidən azalmağa başlayan neft qiymətləri post-Sovet ölkələri arasında ən böyük üçüncü neft istehsalçısının valyutası üzərində gərginliyi daha da artıracaq. Son 9 həftənin 7-də manat dollar qarşısında dəyər itirib.

Cümə axşamı azəri valyutası dollar qarşısında kəskin düşüş yaşadı, Bakı vaxtilə 17:57-də 2.6 faiz dəyər itirdi. Bu, cari rüb ərzində ən böyük üçüncü düşüş idi. Keçən il manat bütün dünya valyutaları arasında ən çox dəyər itirən pul vahidi olub. Dollar qarşısında öz dəyərinin yarısını itirib.

Tənzimləyici orqan sonuncu Bazar ertəsi auksionuna yanlız 20 milyon manat (12 milyon dollar) çıxarmışdı. Tələbat isə 50 milyon manat idi. Borcverənlər 2 ay əvvəl başlamış auksionların 6-da Mərkəzi Banka 202 milyon manat depozit yerləşdirib. Deyilənə görə məqsəd pul təminatında kəskin artımın qarşısını almaq və inflyasiyanı “məqbul” səviyyədə saxlamaqdır.

Bu ilin birinci yarısında inflyasiya 10.5 faizə qalxıb, 2015-ci ildə 3.5 faiz idi. Son iki onillikdə iqtisadiyyat tikinti sektorunun zəifləməsi ilə ilk dəfə resessiya dövrünə qədəm qoyub. Ümumi Daxili Məhsul birinci altı ayda 3.4 faiz azalıb, keçən il 5.7 faiz artım var idi.

“İndiyə qədər Azərbaycanın performansı gözlənildiyindən “faktiki olaraq daha pis” olub,” – S&P Qlobal Reytinq mərkəzi keçən həftə ölkənin reytinqini stabildən neqativə salarkən deyib. Reytinq şirkəti 2016-cı il üçün ÜDM proqnozunu 3 faiz azalma ilə verib və bildirib ki, gələn il təxminən elə eyni həcmdə geri dönüş gözlənilir. (Azadliq.info)

Daha çox göstər
Back to top button