Azərbaycan höküməti ölən hərbçinin övladlarına verilməli müavinəti vermir

Aprelin 2-dən 5-dək qoşunların təmas xəttində gedən döyüşlərdə ölən hərbçi polkovnik-leytenant Raquf Orucovun ailəsi diqqətsizlikdən və etinasızlıqdan şikayətlənir.
Ölən polkovnikin xanımı Sevinc Orucova Femida.az-a açıqlamasında deyib ki, həyat yoldaşı öldükdən sonra uşaqları üçün verilməli olan aylıq müavinəti hələ də ala bilmir. Sevinc Orucova hətta aidiyyatı qurumların onu get-gələ saldığından da şikayətlənib:
“Mən bu sözləri cəmiyyət arasına çıxarmağa utanıram. Ancaq məni məcbur etdilər. Yoldaşım öləndən bəri bir nəfər də olsun məmur bizimlə maraqlanmayıb. Sadə xalqdan başqa heç kim qapımızı döyməyib. Ancaq, bunun iki azyaşlı övladı var. Bu övladlara verilməli olan pul niyə indiyə kimi verilmir? Məni 4 aydır qapılarda süründürürlər. Halbuki, bunu mən etməli deyiləm. Aidiyyatı qurumlar özləri bu işi həll etməlidir. Bir neçə gün bundan qabaq Sosial Müdafiə Nazirliyində oldum. Orada məlum oldu ki, Müdafiə Nazirliyi lazım olan sənədləri onlara tam tərkibdə göndərməyib. Ölüm haqqında şəhadətnamə və digər sənədləri Müdafiə Nazirliyi onlara təqdim etməyibsə, necə uşaqlara pensiya kəsə bilərlər?
Ayıbdır belə söhbətlə gündəmə gəlmək. Ancaq nə edim? Özüm ali təhsilli hüquqşünasam. Hazırda işsizəm. Mənim uşaqlarımı kim böyütməlidir? Budurmu ölən hərbçilərin ailəsinə qoyulan hörmət?