Azərbaycanda təhsil sisteminin reallığı

Azərbaycanda yarıtmaz idarəçiliyin ən böyük zərbə vurduğu sahələrdən biri də təhsil sistemidir. Məqsədli şəkildə təhsil sistemi çökdürüldü, kütləvi savadsızlığa yol açıldı. Təkcə hər il Azərbaycanda keçirilən imtahan nəticələrinə nəzər salanda vəziyyətin nə qədər acınacaqlı olduğunu təsəvvür etmək olur.
Bu haqda Azadliq.info yazır.
Amma problem təkcə orta məktəblərdə bitmir. Acınacaqlı məqam də budur ki, keçid balını yığanlar da ədalətsizliyin qurbanına çevrilir.
Məsələn, 400-500 bal yığmış şəxs ixtisas seçiminə gələndə ödəniş faktı ortaya çıxır. Bu adam yüksək bal topladığı üçün daha yaxşı ixtisas seçmək imkanı əldə edir. Daha dorğusu layiq olduğu ixtisasa yiyələnmək istəyir. Amma bu ixtisaslar ödənişli olduğuna görə, həmin şəxs başqa ixtisas seçmək məcburiyyətində qalır. Başa düşür ki, ailəsi bu ödənişi edə bilməyəcək, təhsili yarımçıq qalacaq və s. Beləliklə, savadlı tələbə layiq olduğu ixtisasa deyil, ödənişsiz olan daah zəif ixtisasa yiyələnir. Ədalətsizlik də burdan başlayır. Həmin yaxşı ixtisasa daha az bal yığmış, amma ödəniş etmək qabiliyyətində olanlar yiyələnir. Azərbaycan reallığında həmin “prestijni” ixtisaslara başqa yollarla da düşmək olar.
Azərbaycanda pul hər yerdə işləri korlayır. Orta məktəbdə pul yığırlar, şagird təhsil almaq üçün repetitora pul ödəmək məcburiyyətindədir, tələbə yüksək miqdarda təhsil haqqı ödəyir. Hətta ixtisas seçimində də pul amili özünü göstərir və pulsuzluq tələbəni məcburi seçim qarşısında qoyur.
Bu ölkədə hər şey pulla ölçülür. Layiq olduğun yerdə otura bilmək üçün də, layiq olmadığın yerdə oturmaq üçün də pul lazımdır.
Təhsilin belə ağır vəziyyətə düşməsi də bu sahəyə pulun qarışmasından qaynaqlanır. Təhsilin hansı qanadın qaldırsaq, pulun qoxusu gələcək. Rüşvət yoluyla yığdıqları azmış kimi, rəsmi formaya salınmış ödənişlər də fantastik həcmdədir. Azərbaycan hökuməti əlindən gələni edir ki, təhsil almaq, savada uyğun ixtisas seçmək çətinləşsin.