Britaniyalı yeni nazirin Bakı diktator rejimilə yaxın əlaqələri var :The Guardian

“The Guardian” qəzetində Nick Cohen Britaniyanın yeni xarici ticarət naziri Liam Fox-u “insan haqlarını pozan” Azərbaycanla işgüzar əlaqələrinə görə tənqid edib.
Məqalədə deyilir ki, yeni nazir “Bakı rejimi” ilə yaxın münasibətlərdən bir çox faydalar götürüb.
Cohen Britaniya nazirinin Azərbaycanda, azərbaycan dilində çap olunmuş “Qalxan qabarmalar” (Rising Tides) adlı kitabını da kəskin tənqid edir və yazır ki, orijinalı Nielsen International nəşriyyatında çap olunduqdan sonra onun Britaniyada cəmi 1723 nüsxəsi, ABŞ-da isə 1876 nüsxəsi satılıb.
Məqalədə deyilir ki, Britaniyanın Avropa İttifaqı referendumunda Brexiti dəstəkləyən “yeni ticarət naziri indi öz ticarətini qura bilər”.
Cohen Britaniya millət vəkillərinin maraq reyestrinə əsasən yazır ki, “neftlə zəngin Azərbaycanın lobbiçiləri” “Qalxan qabarmalar” kitabının azərbaycancaya tərcümə haqqı üçün doktor Fox-a 5700 funt sterlinq ödəyiblər.
Məqalədə deyilir ki, “Azərbaycan hakimiyyətinin səxavəti bununla məhdudlaşmayıb və 2015-ci il, fevralın 1-də ona və köməkçisinə kitabın təqdimatı üçün İstanbula uçuş və lüks oteldə yaşamaq imkanı təşkil edilib”.
Cohen yazır ki, dördgünlük səfər 3579 funt sterlinqə başa gəlib.
Məqalədə deyilir ki, bu, doktor Fox-un ilk xarici təbliğatı deyildi. Azərbaycan mediasının yazdığına görə 2014-cü ilin sentyabrında Bakıya səfər edərkən Fox-u prezident İlham Əliyevin özü qəbul edib.
Bundan sonra Cohen Əliyevlər ailəsi və onun yaxın çevrəsinin adlarının Panama sənədləri ilə əlaqədar hallandırılmasını yada salır.
Müəllif qeyd edir ki, Azərbaycanda bütün bunları sorğu-sual etmək təhlükəlidir, burada ifadə azadlığı boğulur, hökumətin tənqidçiləri təqib edilir.
Cohen xatırladır ki, cənab Fox Brexiti təbliğ edərkən Avropa İttifaqından çıxmağın Britaniya seçkilərinin ədalətliliyinə xidmət edəcəyini iddia edirdi.
“Qalxan qabarmalar” kitabında Fox “bizim üçün adi bir şey olan azadlığı” müdafiə edir. Azərbaycanda belə bir azadlıq yoxdur…” – yazır Cohen.
Jurnalist bunu da yada salır ki, cənab Fox axır bir-iki ayadək “rüsvay edilmiş keçmiş müdafiə naziri” kimi tanınırdı. Onu “nazirin etik davranış məcəlləsini pozduğuna görə istefaya məcbur etmişdilər”.
“İndi isə Theresa May ona dünya boyunca demokratiyalar və Azərbaycan kimi korrupsiyalı diktatorluqlarla ticarət sazişləri bağlamaq səlahiyyəti verib” – yazır Cohen.
Müəllif diqqəti belə bir məqama çəkir ki, “cənab Fox-un oxucuları ilə heç kiçik bir futbol meydançasını da doldurmaq mümkün deyil” və heç kim bu kitabı fransız, ispan, çin, hind və dünyanın başqa əsas dillərinə tərcümə etmək ehtiyacı duymayıb.
“Yalnız Azərbaycan doktor Fox-a qonorar ödəmək və onun müəllif hüquqlarını almaq qərarına gəlib” – deyilir məqalədə.
Nick Cohen yazır ki, kitabları və qəzetləri almaq Soyuq müharibə dövründən qalmış köhnə sovet metodudur.
Məqalədə həmçinin Fox-la xarici işlər nazirinin müavini David Lidington arasında 2016-cı ilin yanvarında baş vermiş mükalimədən də söhbət açılır.
O vaxt Lidington diqqəti belə bir məqama çəkibmiş ki, Avropa İttifaqının 28 ölkəsinin hamısı Səudiyyə Ərəbistanı ilə yanaşı Azərbaycanı da insan haqlarının pozulmasına görə tənqid edib.
Buna cavab olaraq cənab Fox demokratik azadlıqlar haqqında deyilənləri rədd edib və deyib ki, Avropa İttifaqının insan haqları kampaniyaları “Britaniya vergiödəyəninin pullarını havaya sovurur”.
Müəllif cənab Fox-un Azərbaycanda çap olunmuş kitabının tərcüməsi üçün ödənmiş pulun “normal nəşrdən gələn qonorar”, yoxsa Azərbaycan prezidentini dəstəklədiyinə görə mükafat olduğunu sual edir.
Doktor Fox-un sözçüsü bunu sadəcə olaraq “Qalxan qabarmalar” kitabının tərcüməsinə icazə üçün çap müqaviləsi adlandırıb.
Nick Cohen-sə kitabın nəşrini “normal” hesab etmir və vurğulayır ki, bu kitabın tərcüməsi üçün pulu “özünü müstəqil qurum kimi təqdim edən Avropa Azərbaycan Cəmiyyəti ödəyib. Nazir üçün təyyarə biletlərinin və otellərin pulu da bu təşkilat tətəfindən ödənib.
“Sözçü nə qədər azərbaycanlının bu kitabdan aldığı barədə suala da cavab verməyib” – yazır Cohen.