AXCP fəalının saxlandığı bildirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xətai şöbəsi Gənclər Komitəsinin fəalı Məsud Rzalının saxlanıldığı bildirilir.
Bu haqda Azadliq.org xəbər verib
Xəbərə görə M.Rzalı 30 gün inzibati həbs cəzası alıb.
«Məsud Rzalını polislər metronun «Qara Qarayev» stansiyası yaxınlığında saxlayıblar. Polis əməkdaşları ona nəyə görə saxlandığı haqda bilgi verməyiblər. Bölmədə də ona saxlanmasının səbəbi deyilməyib. Yalnız məhkəmədə polisə müqavimət göstərdiyi bildirilib. Nəticədə o, polisə müqavimətə görə inzibati həbs cəzası alıb», – deyə partiyadan bildiriblər.
Xətai Rayon Məhkəməsindən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bu deyilənlərə, hələlik, münasibət öyrənmək mümkün olmayıb.
Hazırda AXCP-nin azı 10 üzvünün həbsdə olduğu bildirilir. Partiya onları siyasi məhbus sayır. Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.
Dünən – avqustun 11-də AXCP-nin Mingəçevir təşkilatının fəalı Qədir Xudabaxşiyev həbs cəzasını başa vuraraq azadlığa çıxmışdı. Partiya üstündə silah tapılması iddiası ilə 1 il 6 ay həbs cəzası alan Qədir Xudabaxşiyevin siyasi motivlərlə şərləndiyini deyirdi.