Beynəlxalq

Vəkil: Qiyasla Bayram əməliyyatçılarla üzləşdiriləcək

Prokurorluq ”heykəl” məhbuslarına verilən işgəncə faktlarını araşdırmaqdan imtina edib

“Avqustun 12-də Kürdəxanı istintaq təcridxanasında Bayram Məmmədov və Qiyas İbrahimovla görüşdüm, səhhətləri normaldır”, – gənclərin vəkili Elçin Sadıqov “Turan” agentliyinə bildirib.

Müstəntiq vəkilə gələn həftədən etibarən istintaq hərəkətlərinə başlanacağını bildirib: “İstintaq hərəkətləri dedikdə Bayram Məmmədov və Qiyas İbrahimovun hal şahidləri və əməliyyatçılarla üzləşdirilməsi nəzərdə tutulur. Bundan sonra, yəqin ki, istintaq bitmiş sayıla bilər”.

E.Sadıqov Q.İbrahimovun valideynlərilə görüşünə ad günündə, yəni avqustun 3-də icazə verildiyini deyib. Amma mayın 10-dan etibarən həbsdə olan B.Məmmədova valideynlərilə bir dəfə də olsun görüş verilməyib.

Vəkil dəfələrlə vəsatət qaldırsa da, işgəncə faktlarının araşdırılmadığını söyləyib. Onun sözlərinə görə, işgəncə ilə bağlı gənclərin barəsində həbs qətimkan tədbiri seçən Xətai Rayon Məhkəməsində açıqlama veriblər. Hakim bu işgəncə hallarının araşdırılması haqda qərar çıxarıb. Vəkil deyir ki, məhkəmə qərarı olmasına baxmayaraq, Bakı Şəhər Prokurorluğu bu faktları araşdırmaqdan imtina edib, kamera görüntülərini gizlədib.

“İşgəncə faktını indi də sübut etmək olar, xəsarətlər görünməsə də, ləkə şəklində izlər hələ də qalır”, – deyə vəkil bildirib.

B.Məmmədov və Q.İbrahimov 2016-cı il mayın 10-u axşam saatlarında yoxa çıxıblar. Mayın 12-də hər iki gəncin Nərimanov Rayon Polis İdarəsi yanında müvəqqəti saxlanma təcridxanasında saxlandıqları məlum olub. Elə həmin gün B.Məmmədov və Q.İbrahimov Xətai Rayon Məhkəməsinə aparılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bundan sonra Daxili İşlər Nazirliyi (DİN) gənclərin yaşadıqları mənzillərdən 1 kiloqramdan çox heroin tapıldığı barədə məlumat yayıb.

B.Məmmədov və Q. İbrahimov Azərbaycanın keçmiş prezident Heydər Əliyevin Milli Bankla üzbəüz heykəli üzərinə “Qul bayramınız mübarək!” şüarı yazandan sonra saxlanılıblar.

Daha çox göstər
Back to top button