Beynəlxalq

“Azərbaycan şəxsiyyətə pərəstiş və neft gəlirləri üzərində qurulan klassik diktatura nümunəsidir”: «Charter 97»

«Charter 97»: «Bu həm də onu göstərir ki, Çexiyanın Avropa dəyərlərinə və ideallarına bağlılığı zəifləyib»

«Azərbaycan korrupsiya yuvasına çevrilib və Avropa ölkələrinə uyğun gəlməyən mürtəce dəyərləri müdafiə edir»

Belarusda “Charter 97″ saytında Kristian Kvorninq Lassenin Azərbaycanda insan haqlarının bərbad vəziyyəti barədə məqaləsi yayımlanıb. Məqalədə Azərbaycanda azadlıqların boğulmasına baxmayaraq, Çexiyanın bu ölkə ilə geniş əlaqələrə malik olması, insan haqları və demokratiya sahəsində problemlərin həlli üçün Əliyev hökumətinə təzyiq göstərilməməsi qınanılır. ”Şərq Tərəfdaşlığı avtokratiyaları – Çexiyanın Azərbaycan və Belarusla əlaqələri” başlığı altında yayımlanan məqalənin tərcüməsini təqdim edirik:

“Azərbaycan şəxsiyyətə pərəstiş və neft gəlirləri üzərində qurulan klassik diktatura nümunəsidir”

Belarus qeyri-rəsmi olaraq, “Avropanın sonuncu diktaturası” adlanır. Azərbaycandakı vəziyyəti isə Avropa Parlamenti belə təsvir edir: “Son 10 ildə Avrasiya regionunda demokratik idarəçilik baxımından ən böyük geriləmə müşahidə olunan ölkə Azərbaycandır. Bu ölkə şəxsiyyətə pərəstiş və neft gəlirləri üzərində qurulan klassik diktatura nümunəsidir. Bu, prezidentə imkan yaradır ki, bir çox ölkələrin və siyasətçilərin rəğbətini satın ala bilsin”.

Çexiyanın hər iki ölkə ilə əlaqələri hələ də digər Avropa ölkələrinin çoxundan genişdir. Azərbaycanın böyük ölçüdə inkişaf etmiş enerji sektoruna malik olması və Çexiyanın illik neft istehlakının 1/4-ni qarşılaması əlaqələri müəyyən qədər aydınlaşdıra bilər. Ancaq bu, Rusiyanın Çexiya siyasi elitasına təzyiq etmək üçün artan səylərinin də göstəricisi sayıla bilər. Belarus və Azərbaycanın Rusiya ilə sıx bağları var. Rusiya hər iki ölkənin qabaqcıl iqtisadi və siyasi tərəfdaşıdır.

Azərbaycanda repressiyalar…

Azərbaycan Çexiya ilə sıx əlaqələrə malikdir. Sonuncu dəfə prezident Miloş Zemanın 2015-ci ilin sentyabr səfərini də nəzərə alsaq, 2008-ci ilin iyul ayından bəri ölkələr arasında 16 ikitərəfli işgüzar səfər baş tutub. Ikitərəfli əməkdaşlığın əsasında iqtisadiyyat, enerji və təhlükəsizlik əlaqələri durur. Digər tərəfdən, Azərbaycanda insan haqları, mətbuat azadlığı baxımında durum yaxşı deyil. Korrupsiya, repressiya, müxalif və tənqidçilərə qarşı saxta ittiham irəli sürülməsi, işgəncələrə qarşı cəzasızlıq halları ölkədə sərhəd tanımır.

Çexiya niyə avtoritar rejimlə əməkdaşlıq edir?

Azərbaycan Çexiyanın Cənubi Qafqazda qabaqcıl ticarət tərəfdaşıdır, həmçinin bu ölkənin artan ixracı üçün regionda böyük potensiala malik bazardır. Çexiyanın insan haqlarının vəziyyətinə görə Azərbaycana ciddi təzyiq göstərməməsi, təkcə bu ölkənin enerji sektorundan asılılığın nəticəsi deyil, bu həm də onu göstərir ki, Çexiyanın Avropa dəyərlərinə və ideallarına bağlılığı zəifləyib. Vatslav Havelin zamanında insan haqlarının mayakı rolunu oynayan Çexiya əhəmiyyətli dərəcədə dönüş edib. Insan haqları sahəsindəki kobud pozuntulara qarşı təzyiqlərin olmamasına görə təkcə Çexiya yox, həmçinin beynəlxalq aləm də məsuliyyət daşıyır.

“Azərbaycan korrupsiya yuvasına çevrilib”

Azərbaycan Rusiya ilə sıx əməkdaşlığa malik olmaqla, bu ölkənin təsir dairəsinin bir hissəsinə çevrilib. Bu ölkələr enerji təminatçısı rolundan istifadə edərək, digər ölkələrə siyasi nüfuzunu yaymaq istəyirlər. Buna görə də Çexiya hər iki ölkənin təsir gücünü üzərində hiss edir. Hər iki dövlət Avropa ilə, Çexiyanın tərəfdar olduğu dəyərlərlə konfliktdədir. Çexiyanın enerji asılılığı isə Azərbaycanda bu dəyərləri təşviq etmək üçün səyləri və siyasi iradəni baltalayır. Baxmayaraq ki, Azərbaycan korrupsiya yuvasına çevrilib və Avropa ölkələrinə uyğun gəlməyən mürtəce dəyərləri müdafiə edir, güman etmək olar ki, Çexiya Azərbaycanla olan geniş əlaqələrini davam etdirəcək.

Daha çox göstər
Back to top button