REAL fəalları 7 sutkalığa həbs edilib

Bu gün Səbayel Rayon Məhkəməsi REAL Hərəkatının fəalı Toğrul İsmayılovu inzibati qaydada 7 sutkalığa həbs edib. Bu gün digər fəal Elşən Qasımov da məhkəmə qarşısında dayanacaq.
Bu barədə Turan-a REAL İdarə Heyətinin üzvü Azər Qasımlı bildirib.
T.İsmayılov polisin qanuni tələblərinə tabe olmamaqda təqsirli bilinib.
Gənclər ötən gün axşam “İçərişəhər” metro stansiyasının yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılıblar.
Onlar həbsdə olan REAL lideri İlqar Məmmədovun təşviqat materiallarını mətbəələrin birindən götürməyə gedərkən saxlanılıblar.
T.İsmayılov və E.Qasımov Konstitusiyaya düzəlişlərin əleyhinə təşviqat məqsədilə yaradılmış REAL təşəbbüs qrupunun səlahiyyətli nümayəndələridir.
REAL Hərəkatı həbsi siyasi motivli hesab edir.
Elşən Qasımovla Toğrul İsmayılov REAL hərəkatının sentyabrın 26-na təyin edilən referendumla bağlı təsis etdiyi “Respublikaçi Alternativ” Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndələridir.
Xatırladaq ki, 3 gün əvvəl, avqustun 12-də də REAL-in icra katibi Natiq Cəfərli məhkəmənin qərarı ilə 4 ay azadlıqdan məhrum edilib. O, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir. Bu ittihamlarla Natiq Cəfərli əmlakı müsadirə olunmaqla 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
REAL hərəkatı ittihamları qəbul etmir. Natiq Cəfərlinin prezidentin göstərişi ilə həbs edildiyini bəyan edib