Beynəlxalq

Vəkil: Elgiz Qəhrəmana işgəncə verilməsi ilə bağlı şübhələr var

Daxili İşlər Nazirliyi Elgiz Qəhrəmanın saxlanması ilə bağlı suallardan yayınır

“Elgiz Qəhrəman 24 saatdan artıq idarədə saxlanıla bilməz. Bu, qanunvericiliyə tamamilə ziddir və onun işgəncəyə məruz qalması haqda şübhələr yaradır”- həbsdə olan NİDA üzvünün vəkili Nemət Kərimli Meydan TV-yə bunları deyib. Vəkil Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Ramil Əliyevə zəng edərək E.Qəhrəmanla görüşmək üçün order vermək istədiyini bildirib. Amma onun orderini qəbul etməkdən imtina ediblər və poçtla göndərməyi məsləhət görüblər.

Bu barədə Meydan.tv yazır.

“Qanunvericiliyə əsasən, müstəntiq orderimi qəbul edib məni Elgiz Qəhrəmanla görüşdürməli və vəkil kimi qəbul edib-etməməyi ondan soruşmalıydı. Order göndərmədiyimdən hələ Elgiz Qəhrəmanla görüşə bilməmişəm”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov “Nə bilirsiniz ki, o Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır “ deyə sual edib və dəstəyi asıb. Daha sonra edilən zənglərə cavab verməyib.

E. Qəhrəmanı avqustun 12-də dostu ilə günorta saatlarında mülki geyimli şəxslər saxlayıblar. Daha sonra Nərimanov rayon məhkəməsi Elgiz Qəhrəman barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (satış məqsədi ilə külli miqdarda narkotik saxlama) ilə 4 aylıq həbs-qətimkan tədbiri seçib. CM-də qeyd olunur ki, bu maddə ilə ittiham olunan şəxs əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

NİDA Vətəndaş Hərəkatı yaydığı bəyanatında bildirir ki, Elgiz Qəhrəman saxta ittihamla həbs olunub. Hərəkat saxta ittihamlarla həbs olunmuş bütün siyasi fəalların qeyd-şərtsiz azad olunmasını tələb edib.

18 avqustda saat 11:30 -da Bakı Apellyasiya Məhkəməsində Elgiz Qəhrəmana qarşı seçilən həbs-qətimkan tədbiri ilə bağlı vəkil Nemət Kərimlinin verdiyi şikayətə baxılacaq.

Daha çox göstər
Back to top button