Azərbaycanda tənqidçi jurnalistlər uydurma ittihamlarla cəzalandırılır

«Index on Censorship» mətbuata basqılardan yazır
Beynəlxalq söz azadlığını müdafiə təşkilatı olan “Index on Censorship”də Azərbaycanda mətbuata qarşı basqılarla bağlı material hazırlayıb. Məqalə təşkilatın saytında yayımlanıb.
“Azərbaycanda mediaya uzun müddətdir davam edən hücumlar” başlıqlı məqalədə bildirilir ki, keçmiş sovet respublikası olan Azərbaycanda media azadlığı ilə bağlı durum heç vaxt yaxşı olmayıb. Ölkə müstəqillik qazanandan bəri jurnalistlər pis rəftarla üzləşirlər. Müstəqil və müxalif qəzetlər daima böhtan və kriminal xarakterli ittihamlarla üzləşib.
“Hökumətin siyasətini dəstəkləyən jurnalistlər öz yazılarını təriflə doldurarkən tənqidçi jurnalistlər müxtəlif yollarda cəzalandırılır. Jurnalistlərə qarşı xuliqanlıq, şantaj, qaçaqmalçılıq, iğtişaşlara çağırış kimi uydurma ittihamlar irəli sürülür. Bunun necə baş verməsi isə rəsmi məhkəmə sənədlərinə baxdıqda məlum olur”, – deyə məqalədə yazılıb.
Qeyd olunur ki, əsasən, hökumətin korrupsiya faktlarını ortaya qoyan, israfçı büdcə xərcləmələrini tənqid edən, qanunsuz köçürülmələri, mülkiyyətin ələ keçirilməsini sənədləşdirən adamlar hakimiyyətin qəzəbinə tuş gəlir.
“Hökumət üzvləri, əsas fiqurlar ölkədə media azadlığını dəstəklədiyini bəyan etsə də, jurnalist, aktivist və insan haqları müdafiəçilərinə qarşı təqibləri də davam etdirirlər.
Həbs dalğaları jurnalistlər üçün qorxu mühiti yaradıb. “Index”in mükafatçısı olan “Azadlıq” qəzeti kimi müstəqil mətbuat orqanları böhtan xarakterli iddialarla məhkəmə proseslərinə cəlb edilir, onların maliyyə qaynaqlarına əl qoyularaq, iflas həddinə çatdırılır. Hətta xaricdə yerləşən “meydan.tv” kimi mətbuat orqanları da istintaqa cəlb edilib, təhdidlərə məruz qalıb. Azərbaycanda müstəqil mətbuatın həlqəsi get-gedə daralır”, – deyə məqalədə qeyd olunur.