Beynəlxalq

Milli Şura sədri ölkə məhkəmə sistemini tənqid etdi

Milli Şura sədri Cəmil Həsənli Facebook səhifəsində Azərbaycan məhkəmələrində baş verən qanunsuzluqlar, istintaq altında olan şəxslərin ağır işgəncələrə məruz qalmasından yazıb:

“Dostlar! Son günlər Bakı Ağır Cinayətlərə dair məhkəmə binasında “Nardaran işi”, “Beynəlxalq Bankın yüksək vəzifəli şəxslərinin işi”, ötən ilin may ayının 19-da çoxlu insan təlafatı ilə nəticələnmiş “Yanan bina işi” və digər proseslər aparılırdı. Sonuncu işlə bağlı açılan faktlar heyrətamizdir. Təqsirləndirilən şəxslərin ifadələrindən aydın olur ki, keçmiş MTN binalara “ölüm üzlükləri” çəkən şirkətlərdən iri məbləğdə rüşvət tələb edib. Binada yanğın baş verən zaman insanları xilas etmək əvəzi nazirliyin çoxsaylı əməliyyyat işçiləri “Global Construction” şirkətinin ofisində əməliyyat keçiriblər. Şirkətin rəhbəri Miryusif Mahmudovun ifadəsindən bəlli olur ki, 19 may hadisəsindən öncə MTN şəhərin müxtəlif yerlərində lokal yanğınlar törədib. Deməli ölkənin təhlükəsizliyinə cavabdeh olan mühüm dövlət qurumunun çəkilən üzlüklərin insan həyatı üçün təhlükəli olmasından xəbəri olub.

Dünən mən “Nardaran prosesi” də iştirak etdim. Dünənki proses işgəncə faktların ağlasığmaz xarakteri və bu işgəncələr əsasında saxlanılan şəxslərdən Azərbaycan vətəndaşları əleyhinə ifadə vermələrinə məcbur edilmələri ilə yadda qaldı. Təqsirləndirilən şəxslərdən Əlibala Vəliyev başına gətirilən müsibətlərdən danışdı. O dedi ki, Fərahimi mebel maşınında döyüb öldürdülər, Hacı Taleyin belini sındırmaq istəyirdilər: “Döyüləndən sonra şükr eləyirdim, çünki elə əxlaqsız işgəncələr verirdilər ki, onların yanında «dubinka» ilə ayağın altına vurmaq heç nə idi”. Məhz bu əxlaqsız işgəncələrin təhdidi ilə “Bandotdeldə” Əlibalada Tale Bağırzadə və Abbas Hüseynin əleyhinə ifadələr alıblar. Verilən işgəncələrin miqyasına toxunduqdan sonra Əlibala dedi: “Fikirləşdim ki, Taleh və Abbas başıma gətirilənləri bilsə, onlara atılan iftiralara görə mənə halallıq verərlər”. Elə prosesin gedişində Hacı Tale də, Abbas Hüseyn də Əlibalaya öz halallığını verdilər, amma ondan xahiş etdilər ki, “Bandotdeldə” başına gətirilən müsibətin, ona verilən işgəncələrin olduğu kimi mənzərəsini yaratsın. Əlibala ilk olaraq elə idarənin həyətində baş barmağının sındırıldığını dedi. Sonrakı gün həkim barmağına revanol tökəndə idarənin məsul işçisi həkimə öz xəbərdarlıq edib ki, onun barmağına revanol yox, kislata tökmək lazımdır. Sorğu sual nəticəsində bəlli oldu ki, saxlanılan şəxs tələb olunan ifadəni verməzdisə onu dəyənək yeridilməsi ilə təhdid edəcəklərini bildiriblər. Məhz bu əxlaqsız təhdiddən sonra Əlibala Hacı Tale və Abbas Hüseyn əleyhinə “Bandotdeldə” quraşdırılan ifadələri vermək məcburiyyətində qalıb. Hadisə yerində təsdiqləyici çəkiliş aparmaq üçün Əlibala ilə “Bandotdeldə” 3-4 gün məşq ediblər. Onun dediyinə görə bütün məşqlərin video çəkilişi aparılıb. Əlibala hadisə yerində Hacı Taleyin harada oturulduğun, silahların hansı qapıdan gətirildiyin, Abbas Hüseynin həmin silahları necə paylamasın göstərməli idi. “Bandotdel” bütün hazırlıq məşqlərini başa çatdırdıqdan sonra Nardaranda silahlı dövlət çevrilişinə cəhd olduğunun sübutu kimi özləri tərəfindən hazırlanmış ssenari əsasında Əlibalanı hadisə yerində çəkiblər. Əli bala isə dəmir barmaqlıqlar arasından Quranı-Kərimi məhkəmə zalına göstərib bəyan etdi ki, bu Qurana and olsun ki, o videoda çəkilənlər və mənim orada dediklərim hamısı yalandır və hamısı “Bandotdeldə” quraşdırılıb. Ondan sonra sərbəst ifadə verən Cabbar Cabbarov dedi: Bizə elə işgəncələr verirdilər ki, məcburam, üstüörtülü də olsa, deyim. Təsəvvür edin, əllərimiz bağlı vəziyyətdə yerə uzadıb, cinsiyyət orqanımızın üstünə çıxıb tapdalayırdılar. Bu cür əxlaqsız yollarla bizdən ifadə almağa çalışırdılar. Mən işgəncələrə görə məcbur olub damarlarımı doğradım. Mənə dedilər ki, “burada artistlik eləmə, ya qol çəkəcəksən, ya da öldürüləcəksən”. Bu ifadələrdən görünən odur ki, MTN-dən sonra ölkənin daha bir əsas güc qurumu əməlli-başlı işgəncə orqanına, qanunsuzluq yuvasına çevrilib və ölkədə konstitusion nəzarətindən çıxıb.

 

Daha çox göstər
Back to top button