Beynəlxalq

Pərviz Həşimli polis bölməsinə aparılıb

Sabiq MTN-çi Hilal Əsədovun xanımı ilə baş redaktor arasında insident yaşanıb

Avqustun 18-də saat 15.30 radələrində Gününsəsi.info saytının baş redaktoru Pərviz Həşimli Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə aparılıb. Bu barədə vəkil Bəhruz Bayramov Turan-a bildirib.

Onun sözlərinə görə, jurnalist insident nəticəsində polis tərəfindən saxlanıb.

“Belə ki, “Gününsəsi.info saytı keçmiş milli təhlükəsizlik nazirinin sabiq müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın Bakı şəhərindəki 14 saylı poliklinikanın baş həkimi vəzifədən azad edilməsi ilə bağlı yazı dərc edib. Bu gün təsadüfən Hilal Əsədovun xanımı sürücüsü ilə keçərkən saytın rəhbəri Pərviz Həşimlini görüb və ondan məqalə ilə bağlı sorğu-sual edib. Həşimli xanımdan saytda dərc edilmiş yazıya cavab yazmasını xahiş edib. Jurnalist özünə qarşı təxribat olacağını güman edərək baş verənləri mobil telefonu vasitəsi ilə çəkib. Bu zaman Nüşabə Əsədovanın sürücüsü Həşimliyə hücum edib və telefonu ondan almağa cəhd edib. Beləliklə, insident yaranıb və polislər jurnalisti Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə gətiriblər. Mobil telefon da polisdədir. Bütün baş verənlərin mobil telefona çəkilməsinə baxmayaraq, polis hadisənin şahidi olmayan 14 saylı poliklinikanın işçilərini dindirir”, deyə vəkil qeyd edib.

Bundan öncə Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb. Həşimli bu ittihamlarla 8 il azadlıqdan məhrum edilib və 2016-cı ilin martında əfv edilib.

O, ittihamları qəbul etməyib və sifariş hesab edib. Jurnalist keçmiş MTN-in təcridxanasında olarkən ağır işgəncələrə məruz qaldığını və bir sıra vəzifəli şəxslərin, həmçinin müxalifətdə olan AXCP sədri Əli Kərimlinin əleyhinə ifadələr almaq istədiklərini bəyan edib.

Daha çox göstər
Back to top button