“Repressiya dalğasının hədəfi AXCP və onun sədri Əli Kərimlidir”

“Azadlıq” qəzetinin direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin həbsi və son günlər güclənən repressiya ilə bağlı Milli Şura bəyanat yayıb. Bəyanatda deyilir:
“Azərbaycan hakimiyyəti ölkədə monarxiya quruluşunu qanuniləşdirməyə xidmət edən referendum hazırlığındaykən, bir tərəfdən də yeni repressiya dalğası başladıb. Bu dəfə dalğanın hədəfi birbaşa AXCP və onun sədri Əli Kərimlidir.
Hakimiyyət cari regional kanyukturadan sui-istifadə etməklə, AXCP üzvlərini və partiya sədrini Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülənlə əlaqələndirməyə çalışır. Bu məqsədlə AXCP üzvləri şərlənərək həbs olunur və onların guya “Gülənçi” olduqları haqda uydurmalar rəsmi məlumat şəklində yayılır.
Avqustun 20-də belə uydurma suçlama ilə AXCP sədrinin köməkçisi, eyni zamanda “Azadlıq” qəzetinin yayım direktoru olan Faiq Əmirli saxlanılıb. Saxlanılandan sonra onun evində və maşınında axtarış aparılıb və guya maşının yük yerindən Fəatullah Gülənin 3 kitabı tapılıb. Lakin hadisənin şahidi var ki, Faiq Əmirlini həbs edib aparan şəxslər sonradan onun maşınının yük yerini açıb və kitabları ora qoyub gediblər. Faiq Əmirlini “Gülənçi” kimi təqdim etəməyə çalışmaqla hakimiyyət bir tərəfdən Əli Kərimliyə qarşı uydurduğu Gülənlə əlaqə iddiasını möhkəmlətmək, o biri tərəfdən də “Azadlıq” qəzetini bağlatmaq üçün zəmin yaratmaq istəyində ola bilər.
Buna qədər AXCP sədrini Gülənlə əlaqələndirən cəfəngiyyat hətta Rusiyanın dövlət televiziyasında da tirajlanıb, AXCP-nin gənc fəallarından biri Fuad Əhmədlini DTX rəsmən “Gülənçi” ittihamı ilə həbs edib, Əli Kərimlinin guya Fətullah Gülənə yazdığı, amma heç Xalq Cəbhəsinin adının düzgün yazılmadığı saxta bir məktub hakimiyyətə yaxın sosial şəbəkə resurslarında yayılıb.
Bütün bunlar hakimiyyətin Fətullah Güləni heç bir əsas və dəlil olmadan müxalifətə – Xalq Cəbhəsinə bağlamaq cəhdidir. Ola bilsin, hakimiyyət rəsmi Ankaranın Azərbaycandakı “Gülənçilərlə” bağlı hansısa istəyi qarşısında qalıb. Amma belə bir istək olubsa, onu təmin etməyin yolu hakimiyyət komandasının təftişindən keçməli idi. Ölkədə “Gülənçi” axtarmaq lazımdırsa, öz içində axtarmalı olan hakimiyyət açıqca mövzu ilə manipulyasiya edərək, rəqibini şərləmək və repressiyaya məruz qoymaqla məşğuldur. Bu işdə onun rəsmi Moskvadan kömək alması isə utancverici olmaqla yanaşı, həm də niyyətin nə qədər uzağa getdiyini göstərir.
AXCP-nin repressiya olunması həm də Milli Şuraya qarşı yönəlmiş əməliyyatdır. Hakimiyyət Milli Şuranın referendum əleyhinə mitinqlərə başlamaq qərarından təşvişə düşüb. Buna görə də onun başlıca təşkilati donoru olan Xalq Cəbhəsini repressiyaya məruz qoyub, mitinqlərə hazırlığı pomaq, aksiyaların daha kütləvi alınmasına mane olmaq istəyir. Yerlərdə AXCP fəallarının yenə təqibə məruz qalması (məsələn, Beyləqanda Vasif Fətiyev avqustun 19-dan heç bir əsas və izahat göstərilmədən polis şöbəsində saxlanılır), onlardan ikisinin (Məsud Rzalı və Qədim Bəkirov) 30 və 25 sutka inzibati həbsə məhkum edilməsi də təsadüfi olmayıb, bu məqsədə xidmət edir.
Milli Şura hakimiyyətin bütün isterik hərəkətlərinə baxmayaraq, özünün haqlı mübarizəsindən bircə addım da geri çəkilməyəcəyini bəyan edir. Milli Şura bildirir ki, əsassız həbs və təqiblər onu referendum əleyhinə mitinq hazırlıqlarından saxlaya bilməz. Əksinə, hakimiyyətin mitinqlərdən bu qədər narahat olması onların daha kütləvi təşkilini zəruri edir və bu, məhz belə də olacaq.
Milli Şura bəyan edir ki, referenduma təklif edilən dəyişikliklər ana qanuna zidd həyata keçirildiyi üçün onsuz da anti-Konstitusiya mahiyyətli idi. İndi isə bu referendumun bütün fundamental hüquqların pozulduğu total repressiya şəraitində keçidiyi göz önündədir. Konstitusiyaya zidd üsullarla, həm də kütləvi repressiya şəraitində keçirilən referendumun nəticəsi heç bir halda legitim sayıla bilməz.
Milli Şura AXCP-yə qarşı repressiyanı qətiyyətlə pisləyir və bunun dərhal dayandırılmasını tələb edir. Milli Şura bəyan edir ki, hakimiyyət AXCP üzvlərinə və sədrinə qarşı tamamilə uydurma olan “Gülənçi” suçlaması ilə nə yerli, nə də beynəlxalq birliyi aldada bilər. Əksinə, belə gülünc suçlama hakimiyyətin özünü rüsvay etməkdədir.
Milli Şura Azərbaycan xalqını hakimiyyətin növbəti siyasi repressiyasına qarşı etiraz səsini daha gur ucaltmağa, planlaşdırılan mitinqlərdə elliklə iştiraka hazırlaşmağa çağırır.
Milli Şura eyni zamanda dünyanın demokratik ictimaiyyətinə və beynəlxalq birliyə müraciət edir ki, Azərbaycanda monarxiyanın qanuniləşdirilməsi niyyətinə və bu məqsədlə başladılan yeni repressiya dalğasına qarşı daha sərt və təsirli mövqe ortaya qoysun”.