Faiq Əmirliyə 3 ay həbs verildi

“Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisiÿFaiq Əmirliÿbarəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu barədə dünən Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənova prokurorluğun təqdimatı əsasında qərar çıxarıb.
Bu haqda Azadlıq.info məlumat verir.
Məhkəmə qarşısına çıxarılmamışdan əvvəl Faiq Əmirliyə şübhəli şəxs qismində tanındığı CM-nin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsilə yanaşı, həm də 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsilə ittiham irəli sürülüb. Bundan sonra Faiq Əmirli barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb.
Məhkəmə qapalı keçirilib. Orada Faiq Əmirli də, onun vəkili Aqil Layıcov da ittihamların nəinki əsassız, ümumiyyətlə, absurd, gülməli olduğunu bildiriblər.
Hakim Şəlalə Həsənovanın müşavirəsi üç saata qədər çəkib. Geri qayıdanda isə prokurorluğun təqdimatının təmin edildiyini, Faiq Əmirli barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbirinin seçildiyini elan edib.
Məhkəmədən sonra vəkil Aqil Layıcov jurnalistlərə açıqlamasında qərarın sifarişli olduğunu və ondan apellyasiya şikayəti veriləcəyini deyib: “Çox təəssüf ki, möcüzə baş vermədi. Biz müşavirənin uzun çəkməsinə görə, məhkəmədən möcüzə gözləyirdik. Sadəcə, ittiham tərəfinin sənədlərinin üzünü köçürüb, qərar verdilər. Faiq Əmirlini ”Hizmet” hərəkatının imamı” kimi təqdim edirlər, guya, bu adamın moizələri var və moizələrinin videoları müxtəlif saytlarda gedib. Biz soruşduq ki, hansı saytlarda gedib? Cavab verə bilmədilər. Guya, Faiq Əmirli moizələr oxuyub, bu moizələr də iğtişaşlara səbəb olub, dini nifrət doğurub, bunu da publik şəkildə edib. Bu publik şəkildə etməklə digər şəxslərin qarşısında üstünlük qazanmaq istəyib. Eyni zamanda, “Hizmət hərəkatı” ilə sıx bağlılığı olub. Yəni, ittihamın məğzi bundan ibarətdir.
Həbs qərarı qanunsuz və tam əsassızdır, siyasi sifarişlə verilib. Təbii ki, apellyasiya şikayəti verəcəyik. Əgər yerli məhkəmələrdə Faiq Əmirlinin pozulmuş azadlıq hüququ bərpa edilməsə. Avropa Insan Hüquqları Məhkəməsinə qədər gedib, şikayətimizi çatdıracağıq”.
AXCP sədri Əli Kərimli də köməkçisinə qarşı ittihamlara və onun barəsindəki həbs qərarına münasibət bildirib. Əli Kərimli bu barədə fikirlərini “facebook” səhifəsində paylaşıb:
“Həyasızlığın həddi yoxmuş. Faiq bəy haqda 3 ay müddətinə həbs-qətimkan tədbiri seçildi. Kitab işi (Maddə 283. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) tam ifşa edildi. Sübut olundu ki, həmin kitabları əvvəla, Faiq bəyin maşınının yük yerinə əməliyyatçılar özləri qoyub, ikincisi, kitabı bu hakimiyyətin başbilənləri redaktə edib, ön söz yazıb, özləri çap ediblər. Həmin kitablar kitabxanalara qoyulub, kitab mağazalarında satılır, qadağan olunmayıb. Bütün bunlar ictimailəşəndən sonra hamı düşünürdü ki, hakimiyyət bu ifşa olunmuş işdən əl çəkər.
Bu hakimiyyətdən hər şey gözləyirdim. Amma etiraf edim ki, AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin bir gün imam kimi fəaliyyət göstərməkdə ittiham oluna biləcəyi heç ağlıma gəlməmişdi. Dünənki ifşalardan sonra utanıb, Faiq Əmirlidən və ictimaiyyətdən üzr istəmək əvəzinə, bu gün Faiq bəyə Cinayət Məcəlləsinin 168-ci maddəsilə (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) ittiham irəli sürüblər. Sadə ifadə etsək, “Azadlıq” qəzetinin direktoru imam kimi fəaliyyət göstərməkdə ittiham olunur. Ürəkdən gülmək də olmur, çünki ittiham absurd olsa da, fakt budur ki, Faiq bəy hələ də həbsdədir və iki körpə qızlarının gözləri yoldadır.
Faiq bəyi “imam” elan edib, Cinayət Məcəlləsinin 168-ci maddəsilə ittiham etmək də olduqca absurd, eşidən və Faiq bəyi tanıyan hər bir şəxsdə gülüş doğuran ittihamdır. Amma hər 2 maddə ilə Faiq bəyə ittiham irəli sürüldü. Bununla da hökumət bizə – xalqa mesaj verdi ki, bu ölkədə nə hüquq, nə məhkəmə var, istədiklərini edirlər.
Edin, tarixdə belə təkəbbürlü və məsuliyyətsiz davranan başqa rejimlər də olub. Nə təkkəbbür, nə kin, nə qəddarlıq həmin rejimləri xilas edə bilməyib, sizi də xilas etməyəcək!”