Repressiyalar Azərbaycan hökumətinin qorxusunun məhsuldur

Azadliq.info yazır Azərbaycan hökuməti bütün qanunsuz addımları qoxusundan atır. Özləri də fərqindədirlər ki, ölkəni çıxılmaz dalana salıblar, kütləvi narazılıq var və bu narazılıq mütləq partlayış verməlidir. Ona görə də narazı kütləni arxasınca apara bilən qüvvəni zərərsizləşdirmək qərarına gəliblər. Çıxış yolunu insanları susdurmaqda görürlər. Bütün fəaliyyətləri ümumi demokratik mübarizənin qarşısını almağa yönəlib.
Mübarizənin önünədə olan insanlara hansı adın qoyulmasının heç bir mənası yoxdur. Müxalifətçilərə “ermənipərəst”, “vətən xaini”, “gülənçi” damğası vurulmasının yeganə səbəbi hökumətin narahatlığıdır. Cəmiyyətdə qorxu yaratmaq, ruh düşkünlüyü formalaşdırmaq, dəyişikliklərə inamı öldürmək istəyirlər.
Xüsusilə, mitinqlər öncəsi xalqın real müxalifət qüvvələrinin yanında olmasından təşvişə düşüblər. Ona görə də rüsvayçı həbslərə start verməklə sadə vətəndaşları prosesdən yayındırmaq istəyirlər.
Ümumiyyətlə, YAP hakimiyyəti bu illər ərzində yalnız xalqın susqunluğundan, biganəliyindən güc alıb. Xalqın psixologiyasına bələd olduqları üçün 23 il ərzində qorxu toxumu səpiblər.
Indiki vəziyyət isə YAP hakimiyyətinin ən zəif, ən əlacsız, ən nüfuzsuz vəziyyətidir. Və belə bir vəziyyətdə yenə də xalqın susqunluğundan yararlanmaq istəyirlər. Istəyirlər ki, insanlar böyük dərdlərlə yaşamağa, zülm çəkməyə davam etsinlər.
Amma xalq hökumətin növbəti “köləlik əməliyyatı”na təslim olmamalıdır. Bu, hakimiyyətin son çırpıntılarıdı. Bütün rejimlər sonları yaxınlaşanda qəddarlaşırlar, mürtəce qanunlar qəbul edirlər, cəmiyyətə əzələ nümayiş etdirirlər.
Amma reallıq budur ki, ölkəni xarabalığa çevriblər, heç bir real islahat aparmaq qüdrətində deyillər və mütləq monarxiya yaratmaqla prosesi davam etdirmək istəyirlər.
Ona görə də xalq ayıq olmalı, şərin növbəti planının təsirinə düşməməlidir. Bu prosesdən heç kim sığortalanmayıb. Ədalətsizlik, səfalət, yarıtmaz siyasətin nəticəsi hamını tapacaq. Baxın, dünənə qədər bu hökumətin iyrənc sifarişlərini yerinə yetirənlər bu gün həbsdə işgəncəyə məruz qalıb. MTN generalları, bankirlər, bu hökumətə təzim edən iş adamları da cəzalandırıldı. Yəni bu hökumət öz yetirmələrinə də güzəşt etmir. Onlar müxalifətçi deyildilər, amma şəxsi maraqlara görə öz adamlarına da güzəşt etmədilər.
Qarşıdakı mərhələdə qiymətlrə bir az da qalxacaq, kütləvi ixtisarlar davam edəcək, xalqı daha da sıxmaqla məşğul olacaqlar. Ona görə də xalq vəziyyətə adekvat reaksiya verməlidir. Qorxunun əcələ faydası yoxdur. Hökumətin məkrli planları bundan sonra effekt verməməlidir.
Nə qədər ki, xalq meydanlara çıxıb haqqını tələb etməyəcək, nə qədər ki, bu təhqirlərə dözüləcək, o zamana qədər hökumət qəddarlığını davam etdirəcək.
Amma xalqın qarşısında heç bir qüvvə duruş gətirə bilməz. Xalq sübut etməlidir ki, ayaqdadır və zalıma təzim etmək fikri yoxdur.