
Amerikanın Səsinə müsahibədə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç Azərbaycandakı son həbs dalğası və ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi haqda düşüncələrini paylaşıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti Amerika ilə oxşar dəyərlər paylaşmır və bu seçim özünü Azərbaycan hökumətinin anti-demokratik əməllərində büruzə verir.
Riçard Kazlariç: Mən Azərbaycanı heç vaxt ABŞ-ın strateji müttəfiqi kimi görməmişəm. Hətta mən səfir olanda da bizim ortaq maraqlarımız var idi. Biz münasibətlərimizi enerji baxımdan, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımdan inkişaf etdirmək istəyirdik. Çalışırdıq ki, Azərbaycanın suvereniteti və müstəqilliyinə təminat verək – hansı ki, erkən çağlarda bu məsələlər kövrək idi. Strateji tərəfdaşlıq paylaşılan dəyərlər deməkdir. Bizim demorkatiya, insan haqları və bazar iqtisadyyatı ilə bağlı dəyərlərimiz artan şəkildə Azərbaycan hökumətinin dəyərlərindən fərqlənir. Azərbaycan hökuməti belə görünür ki, idarəçiliyin Vladimir Putin modelini təqib edir – ABŞ-la qarşıdurma, avtokratik idarəçilik mexanizmləri və qlobal iqtisadiyyata inteqrasiya etməmək. Ümumi dəyərlər olmadan strateji tərəfdaşlıq qurmaq çətindir. Seçim Bakınındır, Vaşinqtonun yox.
ABŞ prezident seçkilərindən sonra ABŞ-Azərbaycan münasibətləri ilə bağlı isə Kazlariç bildirb ki, yeni administrasiyanın yeni xarici siyasət prioritetləri olacaq. Bu çox fərqli və fundamental olacaq və Azərbaycan hökuməti bunu dərk etməldir.