Bərdədə aksiya olub
Avqustun 25-də Bərdə rayonunda bir qrup sakinin etiraz aksiyası keçirdiyi bildirilir.
Verilən xəbərlərə görə, sakinlər Bərdə-Agcabədi yolunu bağlayıblar.
Onların rayonun bəzi kəndlərinə qaz xətti çəkilişinin dayandırılmasına etiraz etdikləri söylənir.
Rayondan verilən xəbərə görə, aksiya iştirakçıları deyiblər ki, bir neçə kəndə qaz xətti çəkilişi bir aydan artıqdır dayandırılıb. Əvvəllər də etiraz ediblər, icra hakimiyyəti xəttin çəkilişinin davam etdiriləcəyini vəd edib. Ancaq xeyli vaxt ötməsinə baxmayaraq işlər bərpa edilməyib.
Aksiyanın təqribən 1 saatadək davam etdiyi bildirilir. Əraziyə polis, post-patrul əməkdaşları cəlb edilib. Ancaq aksiyaçıların bundan sonra da dağılmadığı söylənir.
Yerli sakinlərin bildirməsinə görə, etiraz aksiyası rayon icra hakimiyyəti nümayəndələri ilə görüşdən sonra baş çatıb. İcra Hakimiyyəti təmsilçiləri qaz xətti çəkilişinin bərpa ediləcəyini vəd edib.