İsmayıl Rəsulovun həbsdə saxlanması qanunsuzdur – Vəkil
“Avqustun 25-də 30 sutka inzibati həbs edilən 59 yaşlı cəbhəçi İsmayıl Rəsulovun əhvalı yüksəkdir. Ədalətsizliyə məruz qalmasından savayı heç bir şikayəti yoxdur”.
Avqustun 26-da şəkər xəstəsi olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü İsmayıl Rəsulov ilə saxlama müəssisəsində görüşən vəkili Əsabəli Mustafayev belə deyib.
Vəkil İ.Rəsulovun inzibati həbsdə saxlanmasının qanunsuz olduğunu vurğulayıb:
“İsmayıl Rəsulov 2-ci qrup müharibə əlilidir. Şəkər xəstəsi olduğundan rejimlə qidalanmalı və vaxtlı vaxtında insulin iynəsi vurdurmalıdır. Belə şəxsi inzibati həbsdə saxlamaq düzgün deyil. Ən əsası isə qanun özü Rəsulova inzibati həbsin tətbiqini qadağan edir ”
Əsabəli Mustafayev İnzibati Xətalar Məcəlləsinin 30.2. maddəsinin üzərində dayanır..
“Həmin maddədə inzibati həbs tədbirinin tətbiq oluna bilməyəcəyi şəxslərin siyahısı verilib. 2-ci qrup əlillər də bu siyahıya daxildir. Rəsulovun təqsirləndirildiyi 535.1. (polisə müqavimət) maddənin sanksiya hissəsində 200 manat cərimə və yaxud bir ayadək inzibati həbs cəzası nəzərdə tutulur. Məhkəmə qanun tələblərinə əhəmiyyət vermədən 2-ci qrup müharibə əlilinə sanksiyanın ən yüksək həddini tətbiq edib”, vəkil vurğulayıb.
Vəkil İ.Rəsulova qarşı belə münasibət göstərilməklə Avropa Konvensiyasının 7-ci maddəsinin pozuntusuna yol verildiyini qeyd edib. O, İ.Rəsulov barədə məhkəmə qərarını aldığını, şikayət verəcəyini deyib.
Qaradağ Rayon Məhkəməsi ona polisə müqavimət ittihamı ilə bir ay inzibati həbs cəzası verib.
AXCP isə hesab edir ki, hakimiyyət bununla ondan facebook səhifəsində sərt statuslarına görə, qisas alır.