Müsavat Partiyası MSK-nın qərarından şikayət verəcək

Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasının 27 avqust qərarından şikayət verəcək.
Bu barədə Meydan TV-yə partiyanın başqanı Arif Hacılı açıqlama verib.
Arif Hacılı bildirib ki, vəkillər artıq sənədləri hazırlayırlar: “Avqustun 29-da şikayəti Apellyasiya Məhkəməsinə təqdim edəcəyik. Biz MSK-nin qərarını siyasi sifariş hesab edirik. Hakimiyyət 26 sentyabr referendumunu gizli şəkildə keçirmək niyyətində olduğundan ictimai müzakirələri istəmir”.
Avqustun 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Müsavat Partiyasının ümumxalq səsverməsində (referendum) təşviqat qrupu qismində iştirak etmək üçün yaratdığı “Respublika” təşviqat qrupunun müraciətinə baxılıb.
Müzakirələrin yekununda “Respublika” təşəbbüs qrupunun qeydiyyatı səsverməyə çıxarılıb, amma qrup qeydə alınmayıb.
“Respublika” təşviqat qrupunun imzatoplama kampaniyasında “D18” Hərəkatı da iştirak edib. Ümumilikdə, 41 128 imza toplanıb.