F.Əmirlinin apellyasiya şikayətindən xəbər yoxdur

Bunu Azadlıq Radiosuna F.Əmirlinin vəkili Aqil Layıcov bildirib.
Vəkilin deməsinə görə, bunun səbəbi barədə ona hər hansı bilgi verilmir.
Hələ 4 gün əvvəl, avqustun 26-da F.Əmirli ilə bağlı hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib.
F.Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.
F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» Hərəkatının imamı kimi təqdim edir.
AXCP isə onun həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.