Beynəlxalq

H.Əliyevin abidəsinə yazı yazan fəalın işi məhkəməyə göndərilib

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nida Vətəndaş

Hərakatının üzvü Qiyas İbrahimovun cinayət işi icraata verilib. Bu barədə Turan-a vəkil Elçin Sadıxov bildirib.

Onun sözlərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun icraatına verilib. “Amma hələ hazırlıq iclasının vaxtı təyin edilməyib”, deyə vəkil bildirib.

Xatırladaq ki, Qiyas İbrahimov bu il mayın 10-da Bakıda naməlum şəxslərin Heydər Əliyevin abidəsində siyasi şüar yazmasından sonra saxlanılıb. Onunla birlikdə Bayram Məmmədov da həbs olunub, amma gənclərə qarşı xuliqanlıq deyil, narkotik saxlamaq ittihamı irəli sürülüb.

Bayram Məmmədovun məsələsinə gəlincə, E.Sadıxov deyib: “B.Məmmədovla bağlı bir istintaq hərəkəti belə aparılmayıb. Odur ki, onun məhkəmə önünə nə vaxt çıxarılacağı məlum deyil”.

Qeyd edək ki, Q.İbrahimov və Bayram Məmmədov bu il mayın 10-da saxlanılıblar. Mayın 12-nə kimi gənclərin harada saxlanıldığı məlum olmayıb. Mayın 12-də hər iki gənc Xətai rayon məhkəməsinə çıxarılıb. Daxili İşlər Nazirliyi gənclərin yaşadıqları evlərin hər birindən 1 kq heroin aşkar etdiyi barədə məlumat yayıb. Məhkəmədə gənclərə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Gənclər ittihamları rədd edirlər.

Məhkəmə prosesində hər iki gənc saxlanıldıqları zaman işgəncələrə məruz qaldıqlarını deyiblər, hakim bu faktın araşdırılması haqda qərar qəbul edib, amma bu məsələ araşdırılmamış qalır.

Daha çox göstər
Back to top button