Nəşriyyat “Azadlıq” qəzetinin çapından imtina edib

“Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinin çapından qeyri-müəyyən vaxta qədər imtina edib. Səbəb qəzetin nəşriyyata olan borclarıdır. “Azərbaycan” Nəşriyyatı sentyabrın 5-nə qədər borcun əhəmiyyətli hissəsinin ödənilməsi üçün “Azadlıq”a vaxt vermişdi. Amma deyilən müddətdə vəsait ödənilmədiyindən qəzetin çapı dayandırılıb. Bu barədə Turan-a “Azadlıq“ qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib.
“Azadlıq”ın ondan istənilən vəsaiti ödəyə bilməməsinə səbəb qəzetin bank əməliyyatları apara bilməməsidir.
“Qəzetin maliyyə direktoru Faiq Əmirli həbs edildikdən sonra başqa bir şəxsin bu səlahiyyətli imza nümunəsi təsdiq edilməlidir. Bu problemin həlli üçün müraciət etdiyimiz səlahiyyətli dövlət orqanı imza nümunəsinin təsdiqindən imtina edib. İmza nümunəsinin təsdiqi üçün zəruri sənədlərin qaydasında olmadığı əsas gətirilir”, – o qeyd edib.
R.Hacıyev bildirib ki, hazırda qəzetin nəşriyyata 20 min manat borcu var.
“Faiq Əmirlinin həbsindən sonra bankda toplanan vəsaiti çıxara bilsək nəşriyyatın borcunun bir hissəsini ödəyə bilərik və qəzet nəşrə başlayar. Amma bank əməliyyatı apara bilmirik. “Qasid” Yayım Şirkəti isə qəzetimizə olan 69 min manat borcunu ödəmir”, – o bildirib.
Baş redaktorun birinci müavini ümidin yalnız oxuculara qaldığını bildirb. “Oxuculara müraciət edirik. Əziz oxucular, sizi “Azadlıq” qəzetinə kömək etməyə və abunə kampaniyasında iştirak etməyə çağırırıq”, – o qeyd edib